10 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəlcə vətəndaş Pərvin Vəliyeva saxlanılıb. Onun üzərinə və evinə baxış zamanı ümumilikdə 4 kiloqram 709 qram heroin, 3 kiloqrama yaxın psixotrop maddə olan metamfetamin və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, Pərvin Vəliyeva narkotik vasitələri satmaq məqsədi ilə sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından əldə edib.
Polis əməkdaşlarının keçirdiyi daha bir əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan vətəndaş Tərlan İsrafilov saxlanılıb. Onun üzərinə və idarə etdiyi “Toyota” markalı avtomobilə baxış zamanı ümumilikdə 100 qrama yaxın heroin, 120 qram marixuana, 73 qram metamfetamin, 3 ədəd elektron tərəzi və bir ədəd tapança aşkar edilərək götürülüb.
Həyata keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan vətəndaş Cəmil Əhmədov saxlanılıb. Ondan 1 kiloqram 150 qram qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, narkotik vasitələri Cəmil Əhmədova həmyerlisi Cəlal Quliyev satıb. Həmin şəxs də saxlanılaraq istintaqa təqdim edilib.
Keçirilən daha bir əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş şəxslər Məhəmməd Həbibov və Aynur Yaqubova saxlanılıblar. Məhəmməd Həbibovdan 1 kiloqram 144 qram heroin, 175 qram marixuana və 1 ədəd elektron tərəzi aşkar edilib. Aynur Yaqubovadan isə 130 qrama yaxın heroin aşkar edilərək götürülüb.
Sonuncu əməliyyatlar zamanı 10 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar. Əldə edilən narkotik vasitələrin mənbələrinin aşkar edilməsi istiqamətində zəruri istintaq, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.