Beyləqanda bir ailənin 4 üzvana öldürən şəxsin atasının intiharı ilə bağlı yeni faktlar üzə çıxıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, intihar edən Loğman Cəlilov əvvəllər məhkumluq həyatı yaşayıb. O, övladının törətdiyi cinayətdən sonra özünə gələ bilmədiyini və dəfələrlə intihar edəcəyinin anonsunu veribmiş. Hətta bir neçə dəfə yaxın ətrafı onu intihardan daşındırıb.
Onu da əlavə edək ki, qətlə yetirilən ailə ilə Loğman Cəlilovun ailəsi arasında düşmənçilik olub.
Bir neçə il əvvəl Loğman Cəlilov qətliama məruz qalan ailənin başçısı Nadir Quliyevi yol üstündə yaba ilə vurub. O, yabanı N.Quliyevin qarnına soxub. Həkimlərin səyi nəticəsində o zaman N.Quliyevi xilas etmək mümkün olub. L. Cəlilov isə həbs edilib.
Məlumata görə, L.Cəlilov həbsdən çıxandan sonra N.Quliyevin ailəsi ilə ədavəti davam etdirib. Nəticədə bir ay əvvəl L.Cəlilovun oğlu Fuad Cəlilzadə ov tüfəngi ilə N.Quliyevin ailəsini güllələyib.
***
saat 15:33
Beyləqanda bir ailənin dörd üzvünü güllələyən Fuad Cəlilzadənin atası intihar edib.
Lent.az APA-ya istinadən xəbər verir ki, 58 yaşlı Loğman Cəlilov oğlunun cinayətinə dözməyərək özünü asıb.
Onun 25 yaşlı ailəli qızının bir neçə il əvvəl özünü asaraq öldürdüyü bildirilir.
Qeyd edək ki, ötən il dekabrın 2-i Beyləqanın Tatalılar kəndində 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan ədavətə görə, qonşuları Nadir Quliyevi, onun həyat yoldaşı Tərgül Quliyevanı yaşadıqlarını evin həyətində, oğlanları Amin və Xəyal Quluzadələri isə qəbiristanlıqda odlu silahla güllələyib. Ağır yaralanan ailə üzvlərinin hamısı hadisə yerində ölüb.
Fuad Cəlilzadəyə Cinayət Məcəlləsinin 120.2.7 (iki və daha çox şəxsi qətlə yetirmək) maddəsi ilə ittiham verilib. Onun barəsində Beyləqan Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.