Bir çox yerli və xarici media resurslarında avqustun 29-da Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməni əsilli şəxsin səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri, eləcə də bərk cisimləri səfirliyin inzibati binasına atmalarını əks etdirən videogörüntülər yayılıb.
Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev Livan Respublikasının Baş Prokuroru Qassan Ueydat ilə telefon danışığı aparıb.
Danışıq zamanı beynəlxalq norma və prinsiplərə, eyni zamanda daxili qanunvericiliyə uyğun olaraq hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi xahiş olunub.
Həmçinin, qeyd olunan faktın istintaqı ilə bağlı Azərbaycan Respublikasının dəstəyi və əməkdaşlığı təklif olunub.
Tərəflər məsələ ilə bağlı koordinasiyalı fəaliyyətin aparılacağı barədə razılığa gəlib.