Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyininin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, hadisə ilə əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onaltımərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən dördotaqlı mənzilin eyvanında baş verdiyi müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən xüsusi təyinatlı texnikaların, o cümlədən avtonərdivanın operativ tətbiqi sayəsində yanğın genişlənərək mənzilin digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 105m² olan mənzilin eyvanında soyuducu, kondisioner, qaz sobası və plastik pəncərə çərçivəsi yanıb, yüksək temperaturdan eyvanın lambirdən ibarət tavanı deformasiya edib. Mənzilin otaqları yanğından mühafizə edilib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.