Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış ünvanına cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, onaltımərtəbəli yaşayış binasının zirzəmisində fəaliyyət göstərməyən və təmirsiz qeyri-yaşayış obyektində baş vermiş yanğının binanın digər mərtəbələrinə keçmə riski yüksəkdir.
Yanğınsöndürənlərin həyata keçirdikləri operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində zirzəmidə yerləşən ümumi sahəsi 4m2 olan gözətçi otağının yanar konstruksiyaları və ümumi sahəsi 120m2 olan obyektdə müxtəlif tullantılar yanıb.
Obyekt və mənzillər yanğından mühafizə olunub, xəsarət alan olmayıb. Təhlükəsizlik tədbirləri çərçivəsində sakinlərin təxliyəsi həyata keçirilib.
***
Saat: 09:44
Bakıda yaşayış binasında yanğın başlayıb.
Lent.az xəbər verir ki, hadisə Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən binada baş verib.
Məlumata görə, yanğın 21 mərtəbəli binanın zirzəmisindən başlayıb və yuxarı mərtəbələrə keçib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yanğınla əlaqədar polis əməkdaşları xidmətə çıxarılıb. Ərazidə polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülür.