Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən iki nəfər şəxs saxlanılıb.
Lent.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinn Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəşad Həsənov və Sabirabad rayon sakini Tural Şotayev saxlanılıblar.
Həmin şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onların digər cinayət əməllərinin üstü də açılıb. T.Şotayevin ətrafında aparılan tədbirlərlə onun Bakı şəhəri ərazisində yerləşən mağazaların birindən 1310 manat pul oğurladığı, R.Həsənovun isə narkotik maddələrin satışı ilə məşğul olduğu müəyyən edilib.
Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməllərini etiraf ediblər. Faktlarla əlaqədar Hacıqabul rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.