Bakıda intihara cəhd olub.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, dekabrın 16-da saat 20 radələrində Elçin Məmmədovun sürücü işlədiyi Sabunçu rayonu, E.Mehdiyev küçəsindəki "Bakı Taksi xidməti" MMC-də üzərinə alışqan maddə tökərək intihara cəhd etməsi barədə Sabunçu rayon Prokurorluğuna məlumat daxil olub. Məlumat əsasında prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülərək, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Fakta görə Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zəruri ekspertizalar təyin edilib.
İntihara cəhdin səbəblərinin araşdırılması məqsədilə zərərçəkmişin ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Hadisəni Baş Prokurorluğun rəhbərliyi nəzarətə götürüb. İstintaqın gedişi və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.