Baş Prokurorluq Bakıda mebel sexindəki partlayışda 16 nəfərin ölməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, Bəzi media səhifələrində paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayış nəticəsində guya 16 nəfər şəxsin ölməsi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar dərc edilib.
Baş Prokurorluq bir daha hər kəsi ictimaiyyətdə çaşqınlıq yarada biləcək bu növ təhrif olunmuş məlumatları yaymaqdan çəkinməyə çağırır.
Bildiririk ki, axtarış-xilasetmə tədbirləri nəticəsində xilasedicilər tərəfindən 9 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Baş Prokurorluğun Mətbuat xidməti sosial şəbəkə və media səhifələrində yayılmış həmin məlumatları təkzib edərək rəsmi qurumla dəqiqləşdirilməmiş yalan və qərəzli məlumatları yaymamağı, bu qəbildən olan məlumatları paylaşan media nümayəndələri barəsində ciddi tədbirlər görüləcəyini diqqətə çatdırır.
***
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatı nəticəsində dağıntılar altından daha bir şəxsin cəsədi tapılıb.
Lent.az-ın xəbərinə görə, bu barədə FHN-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
***
14:54
Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından daha bir nəfərin cəsədi tapılıb.
Bu barədə Lent.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 8 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.