Dekabrın 13-də səhər saatlarında Xəzər rayonunda 35 yaşlı Rəşad Məmmədovun aldığı bədən xəsarətləri nəticəsində ölməsi barədə Xəzər rayon Prokurorluğuna məlumat daxil olub.
Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla hadisənin zərərçəkmişin qaynatası 58 yaşlı Azər Cəfərovun aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı odlu silahdan atəş açaraq Rəşad Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Azər Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.