Bakıda qadına qarşı soyğunçuluq edilib.
Lent.az-ın məlumatına görə, hadisə Səbail rayonu Əlibəyov qardaşları küçəsində, binalardan birinin həyətində qeydə alınıb.
33 yaşlı Saleh Mərdanov (ad və soyad şərtidir) binanın blokundan çıxıb marketə gedən qadının əlində tutduğu pul qabını oğurlayaraq qaçıb. Bu əməlinə görə, onun barəsində Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) maddəsilə cinayət işi açılıb.
Saleh Mərdanov ifadəsində bildirib ki, bu əməli həbs olunmaq üçün edib:
“Həmin vaxt içkili olmuşam. Psixoloji problemlərim olduğu üçün bu cinayəti törətdim ki, cəza alsam bəlkə düzələrəm. Hadisə olan tarixdə günorta saat 13 radələrində gördüm qadın bloka daxil oldu. Arxasınca düşüb blokda onun əlindəki pul qabını götürdüm. Pulum yox idi. İndi qadının üzünə baxa bilmirəm, əməlimdən peşmanam”.
Qeyd edək ki, oğurlanan pul qabının qiyməti 50 manat, içərisindəki pul isə 6 manat olub.
Zərərçəkən qadın isə dəyən ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayəti olmadığını bildirib.
Səbail rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən iclasda Saleh Mərdanov barəsində 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.