Bakıda içki məclislə dava ilə bitib.
Lent.az-ın məlumatına görə, hadisə Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib.
İttiham aktına görə, 37 yaşlı Turan Maqsudlu (ad və soyad şərtidir) daim “Suqo” tətbiqi vasitəsilə canlı yayım açıb yemək yeyərək, fenomen olub. Bu canlı yayımlardan birində zərərçəkən Turana “görürəm yeyib içən oğlansan, vaxt elə bir dəfə oturub yeyib-içək” yazıb. Beləliklə, onlar tanış olublar və Turanın evində görüşərək, içki məclisi qurublar. 700 qramlıq arağı iki nəfərə bitirəndən sonra zərərçəkən yenə araq istəyib. Lakin Turanın sözlərinə görə, zərərçəkən artıq çox sərxoş olduğu üçün ikinci arağın alınmasını istəməyib. Sonra isə zərərçəkən çantasına baxanda 20 manatının olmadığını görüb və çox ağır ifadələr işlədib. Ev sahibi əvvəlcə ondan mənzili tərk etməsini istəyib. Lakin zərərçəkən söyüşlərinə davam edib. Bundan hiddətlənən Turan Maqsudlu boş araq şüşəsini zərərçəkənin başına çırpıb, yumruq zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Nəticədə zərərçəkənin burnu və alın sümükləri sınıb, eləcə də bir sıra digər xəsarətlər alıb.
Turan Maqsudlu bu əməlinə görə saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərərvurma, ümumi təhlükə üsulla və ya xuliqanlıq niyyətilə törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Təqsirləndirilən şəxsin sözlərinə görə, zərərçəkənin anası əvvəl 500 manat kompensasiya istəsə də, sonradan 5000 manat istəyib. Turan Maqsudlu bildirib ki, həmin pulu verməyə imkanı yoxdur və barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş edib.
Suraxanı rayon Məhkəməsinin qərarı ilə Turan Maqsudlu barəsində 1 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.