2021-ci il ərzində Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə cəmi 12 761 törədilən cinayət hadisəsi qeydiyyata alınıb.
Lent.az-ın məlumatına görə, bu barədə Bakı şəhər Prokurorluğu orqanlarının 2021-ci il ərzində vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsində bildirilib.
Qeyd edilib ki, ötən illə müqayisədə 2252 hadisə, yəni 21,4% artım müşahidə edilib: “2021-ci il ərzində Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərin sayının artması müşahidə olunur. Belə ki, 2021-ci il ərzində böyük ictimai təhlükə törətməyən cinayətlərin sayı 110 hadisə, yaxud 4,1% artaraq 2792 hadisə olmuş, az ağır cinayətlərin sayı 1230 hadisə, yaxud 19,3% artaraq 7608 hadisə olmuş, ağır və xüsusilə ağır cinayətlərin sayı isə 912 hadisə, yaxud 62,9% artaraq 2361 hadisə olub”.
Bildirilib ki, 2021-ci il ərzində Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə cinayətlərin açılma göstəricisi 86.3% olmuşdur ki, bu ötən illə müqayisədə 5,4% artıb.