Bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində yetkinlik yaşına çatmayan Bəsti Cahanovaya (ad şərti olaraq qeyd edilmişdir) qarşı polis nəfəri Mirsahib Kazımzadənin seksual xarakterli hərəkətlər etməsi barədə məlumatlar yayılıb.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumatda qeyd olunur ki, 15 yaşlı Bəsti Cahanovanın, Lənkəran şəhər Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə polis nəfəri Mirsahib Kazımzadənin ötən il avqustun 26-da, saat 23 radələrində “Palıdlı sahil” otelində ona qarşı seksual xarakterli digər hərəkətlərin edilməsi barədə müraciəti əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılıb. Ötən il dekabrın 7-də faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb.
Həmçinin ötən il sentyabrın 30-da Mirsahib Kazımzadə daxili işlər orqanı əməkdaşının adına ləkə gətirən hərəkətlər etdiyində görə daxili işlər orqanlarında xidmətdən xaric edilib.
Cinayət işi üzrə toplanmış sübutlar əsasında bu il yanvarın 27-də sabiq polis nəfəri Mirsahib Kazımzadə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ibtidai istintaqın qısa müddət ərzində tamamlanaraq məhkəməyə göndərilməsi təmin ediləcək.