Lənkəranda “Azərişıq” əməkdaşının maşınının yandırılmasının bəzi təfərrüatları açıqlanıb.
"Azərişıq"dan Lent.az-a verilən məlumata görə, hadisəni törədən Lənkəran şəhər sakini Sabir Əliyevə məxsus dülgər sexində hələ 2020-ci ilin aprel ayında sayğaca baxış keçirilən zaman kənar xətdən istifadə (oğurluq) etdiyi aşkarlanıb və ona nəzarətçi-mühəndis Kərimov Rauf tərəfindən akt yazılıb.
Daha sonra “Azərişıq”ın əməkdaşı həmin abonentin fiziki təzyiqinə məruz qalıb. Onun bu əməli ilə bağlı hələ o vaxt yerli polis orqanına müraciət edilib. Sonradan məhkəmə zamanı tərəflər arasında barışıq elan olunub.
Hadisənin araşdırılıb ciddi tədbir görülməsi ilə bağlı “Azərişıq” hüquq mühafizə orqanlarına müraciət edib.
***
13:16
Lənkəranda “Azərişıq” əməkdaşının maşınını yandıran şəxsə cinayət işi açılıb.
Lent.az-ın APA-ya istinadla məlumata görə, Lənkəran sakini Sabir Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətiinin əməkdaşı Rauf Kərimovun “Ləvəngi dairəsi” kimi tanınan ərazidə park etdiyi “VAZ 21015” markalı avtomobilini yandırıb. Avtomobilin müəyyən hissələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Məlumata görə, yanğın zamanı avtomobilindən sənədlərini, pul və əşyalarını çıxarmaq istəyən Rauf Kərimov müəyyən dərəcədə yanıq xəsarətləri də alıb. Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, Sabir Əliyev barəsində Cinayət Məcəlləsinin 221.1-ci və 186.2.2-ci maddələri ilə cinayət işi başlanılıb. S.Əliyev şübhəli şəxs qismində tutulub. Müvafiq istintaq hərəkətləri davam etdirilir.