OMİK basketbol klubunun müdafiəçisi Aleksey Şved Moskvadakı davanın təfərrüatlarını açıqlayıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, idmançı bildirib ki, hücum edənlər mərcdə pul itiriblər, buna görə də onunla və həyat yoldaşı Anastasiya ilə sözlü mübahisə ediblər. “Onlar bizi mühasirəyə aldılar, sonra yenidən maşınla yuxarı qalxdılar. Videodan görünür ki, çoxlu insan var. Heç kim dava etmək fikrində deyildi. Arvadıma dedim, gedək. Həmin an məni mühasirəyə aldılar, ayaqlarımdan, başımdan vurdular”, - Şved əlavə edib. O, ciddi xəsarət aldığını, lakin sağalma prosesinin yaxşı getdiyini qeyd edib.
Mayın 5-də Moskva məhkəməsi basketbolçunu döyməkdə şübhəli bilinən 4 nəfəri həbs edib. 20 yaşlı Knyaz Əmirslanov, onun 17 yaşlı qardaşı Ramzin, onların sürücüsü Yusif və 19 yaşlı Pisarev iyulun 2-dək istintaq təcridxanasına göndərilib. Təqsirləndirilən şəxslərə Rusiya Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi (“Bir qrup şəxs tərəfindən vətəndaşlara qarşı zor tətbiq etməklə xuliqanlıq”) ilə ittiham irəli sürülüb.
Şvedə hücum mayın 2-də məlum olub. Moskvanın mərkəzində restoranın girişində baş verən dava nəticəsində basketbolçu başından xəsarət alıb. Xəstəxanada ona retrograd amneziya, temporal sümüyün sınığı və epidural hematoma da diaqnozu qoyulub.