Rusiya ordusu sentyabrın 22-nə keçən gecə Ukraynanın Dnepropetrovsk vilayətinə kütləvi raket hücumu edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, Dnepr, Krivoy Roq və Pavloqrad şəhərlərində partlayış səsləri eşidilib. Daha sonra həmin şəhərlərdə təkrar partlayışların baş verdiyi barədə də məlumat yayılıb.
Məlumata əsasən, saat 01:58-də Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Rusiyanın Voronej bölgəsi istiqamətindən ballistik silahların tətbiqi təhlükəsi barədə xəbərdarlıq edib.
Daha sonra hərbçilər Dnepropetrovsk vilayəti istiqamətində yüksək sürətlə hərəkət edən hədəflərin qeydə alındığını bildiriblər.
İlkin monitorinq məlumatlarına görə, Dnepr və Krivoy Roqa dörd, Pavloqrada isə azı üç ballistik raketlə hücum edilmiş ola bilər.
Hücumlar zamanı raketlərdən biri Pavloqrad şəhər Polis İdarəsinin binasına düşüb. Nəticədə şəhərin azərbaycanlı polis rəisi, polkovnik-leytenant Rüstəm Vəliyevin otağı da dağılıb. Onun xəsarət almadığı bildirilir.