Azərbaycanda “Whatsapp” istifadəçilərinə qarşı yeni dələduzluq qeydə alınıb.
Lent.az-ın əldə etdiyi məlumata əsasən, vətəndaşlara göndərilən mesajlarda guya Azərbaycanda Türkiyənin “Abalıoğlu” adlı yağ fabrikinin fəaliyyətə başladığı bildirilir. Bu yolla vətəndaşların ad, soyadı, ata adı və yaşayış yeri istənilir. Daha sonra şəxsiyyət vəsiqəsinin şəkli və 45 manat pul tələb olunur.
Dələduzluq edən şəxslər şəbəkə istifadəçilərinə 2-3 gün müddətinə əlaqə saxlanılacaq desə də, sonradan onlardan bir xəbər çıxmayıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov Lent.az-a bildirib ki, vətəndaşlar bu məsələlərdə ayıq-sayıq olsunlar:
“Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarına bu cür dələduzluq faktları ilə üzləşmiş şəxslər tərəfindən çoxsaylı müraciətlər daxil olur. Odur ki, şəbəkə istifadəçilərinə belə məsələlərə diqqətli yanaşmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir ödəniş etməməyi və şəxsi məlumatlarını kənar şəxslərlə paylaşmamağı tövsiyə edirik.
Aldatma, etibardan sui-istifadə etmək yolu ilə müxtəlif adlar altında təklif edilən xidmətlər sırasında belə şəxslər barəsində Daxili İşlər Nazirliyində daim mübarizə tədbirləri həyata keçirilir. Vətəndaşlar mövcud dələduzluqla üzləşdikləri təqdirdə DİN-in “102” qaynar-xətt nömrəsinə və ya ərazi üzrə polis orqanına məlumat etməsi xahiş olunur.
Bir daha vətəndaşlarımızı sosial şəbəkələrdə ayıq-sayıq və diqqətli olmağa çağırır, bu tipli səhifələrə ödəniş etmədən öncə DİN-in təsdiq ikonlu “polisazerbaycan” adlı səhifələrinə yazaraq dələduzluq faktı ilə üzləşmədən məlumat ala bilərlər”.
Qeyd edək ki, həmin dələduzluq mesajları (050)766-56-23 mobil nömrəsindən göndərilib.