Sumqayıtda şoumenin evindən oğurluq edənlərin məhkəməsi başlayıb.
Bu barədə zərərçəkmiş Həmid Sultanov özü Lent.az-a məlumat verib. O bildirib ki, hadisə 2019-cu ilin dekabr ayında qeydə alınıb:
“2019-cu il dekabrın 13-də Sumqayıt şəhəri 1-ci mikrorayondakı evimdən 15 minlik qızıl oğurlanıb. Həmin vaxt hadisə ilə əlaqədar evimdə xadimə işləyən Kövsər Quliyeva və komandamın üzvü, keçmiş dostum Nisbət Bağırlı ifadə verərək, oğurluğu sürücüm Elvin Xəlilov tərəfindən edildiyini deyiblər. Ancaq bu il iyul ayında məlum olub ki, oğurluğu elə Kövsər və Nisbət özləri edibmiş”.
Qeyd edək ki, şübhəli bilinən hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 177.2.1-ci (Oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib.
İki gün əvvəl isə Sumqayıt şəhər Məhkəməsində şübhəli şəxslərin işi üzrə baxış iclası keçirilib.