Masallı rayonu, Viləş kəndinin ərazisindəki örüş sahəsində həmin kəndin sakini Ceyhun Fərəcov kənd sakinlərindən birinə məxsus itin hücumuna məruz qalıb.
Lent.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Qeyd edilib ki, ilkin məlumata görə, itin C.Fərəcovun bədəninin müxtəlif nahiyələrindən dişləməsi nəticəsində həmin şəxs ölüb.
"İt həmin vaxt orada olan Elməddin Məmmədov və Musa Kasımovu da bədəninin müxtəlif nahiyələrindən dişləyib. Həmin şəxslər Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. C.Fərəcovun ilkin ehtimala görə it dişləməsindən ölməsi, digər iki şəxsin isə it dişləməsi diaqnozu ilə xəstəxanaya daxil olması ilə bağlı müvafiq ekspertizalar təyin edilib. Faktla bağlı araşdırma aparılır", - o deyib.
***
Masallıda üç it 40 yaşlı kişini parçalayıb öldürüb, köməyə gələn iki nəfərə də xəsarət yetiriblər.
Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, Ceyhun adlı 40 yaşlı kişi örüş sahəsində qoyun otaran zaman həyət evlərindən çıxan üç it ona hücum edib.
Bu zaman yardım etməyə gələn iki nəfər də xəsarət alıb.
Ceyhunun səsini eşidən iki nəfər ona köməyə gedib. Digər iki nəfər də itlərin hücumuna məruz qalıb.
Onlar xəstəxanaya yerləşdirilib və vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.