Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə narkotik vasitələrin gömrük nəzarətindən gizli şəkildə beynəlxalq poçt göndərişləri ilə göndəriləcəyi barədə məlumat daxil olub.
Dövlət Gömrük Komitəsindən Lent.az-a bildirilib ki,məlumat əsasında, Azərbaycandan Kanadaya göndərilən, otbiçən maşın kimi bəyan olunan və karton qutudan ibarət poçt bağlaması saxlanılıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Bakı Karqo Terminalında kinoloji xidmət itinin tətbiqi ilə keçirilən gömrük nəzarəti zamanı xidməti it sözügedən poçt bağlamasına reaksiya verib. Bağlamaya rentgen qurğusunda baxış zamanı isə monitorda şübhəli təsvirlər müşahidə olunub. Karton qutudan ibarət həmin poçt bağlaması açılıb və qutuda 1 ədəd otbiçən maşın olduğu müəyyən edilib.
Lakin otbiçən maşının mühərrikinin qapağının boltları açıldıqda, mühərrikin həmin hissədəki boşluğunda narkotik vasitə olan tiryək aşkarlanıb. Bundan başqa, otbiçən maşının mühərrikinin dəmir korpusunun boltları açıldıqda, korpusun qapağının altında və mühərrikin içəri tərəfindəki boşluqda da eyni narkotik vasitə aşkar olunub. Aşkara çıxarılan həmin maddələrin ümumi çəkisi 2831 qram təşkil edib.
Gömrük əməkdaşları poçt bağlamasının sahibini də müəyyən ediblər. Onun istifadəsindəki "Azsamand" markalı avtomobilə baxış zamanı maşının salonunda 2 ədəd bükümdə, ümumi çəkisi 5 qram olan psixotrop maddə - metamfetamin (patı) aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.