Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə İsmayıllı rayonu, İvanovka kəndi ərazisində Göyçay rayonu, Bəydövül kənd Bələdiyyəsinin sədri, 33 yaşlı Yusifov Ramil Ramiz oğlunun meyitinin aşkar edilməsi barədə məlumatlar yayılıb.
İsmayıllı rayon Prokurorluğundan Lent.az-a bildirilib ki, yanvarın 6-da saat 14 radələrində Ramil Yusifovun meyitinin İvanovka kəndi ərazisində aşkar edilməsi barədə prokurorluğa məlumat daxil olub.
Cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirərək, zəruri olan digər prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda ölümün səbəbinin müəyyən edilməsi və hadisənin təfərrüatlarının aydınlaşdırılması məqsədilə İsmayıllı rayon prokurorluğunda araşdırma aparılır.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.