ABŞ-da qızını qaçıraraq ölkədən çıxaran və onun iştirakı ilə nikah bağlamaq istəyən şəxs tutulub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, qızın atası və qardaşı olan 50 yaşlı Xalid Abuqhanem və onun 32 yaşlı oğlu Valid saxlanılıb. İstintaq müəyyən edib ki, onlar Nyu-Yorkun Buffalo bölgəsində yaşayan bir qadını Yəmənə getməyə məcbur ediblər və onu zorla evləndirməyə çalışıblar. Saxlanılan şəxslər onun toydan imtina edəcəyi təqdirdə öldürülməsi ehtimalını da müzakirə ediblər. Nikah üçün ailə 500 min dollar almalı idi.
2021-ci ilin sentyabrında qadın qohumlarının icazəsi olmadan Meksikaya gedib. O, tapılıb və zorla ABŞ-a gətirilib. Ata onun hərəkətlərinə nəzarət ediləcəyini, itaətsizlik halında isə onu “arxa həyətdə basdıracağını” bildirib. Qadın evə qapanaraq universitetdəki təhsilini yarımçıq qoymağa məcbur edilib və internetdən məhrum edilib. Daha sonra nişanlısı uzun müddət onunla əlaqə saxlaya bilmədiyindən polisə müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları zərərçəkənin yaxınlarına bir neçə dəfə zəng etsələr də, onun yaxşı olduğunu bildiriblər. Federal Təhlükəsizlik Bürosu araşdırmaya yalnız 2022-ci ilin dekabrında başlayıb.
İstintaqın məlumatına görə, hazırda qadın Yəməndə qohumlarının nəzarəti altındadır. O, razılaşdırılmamış evliliyə razı olmayıb. 2022-ci ilin aprelində ABŞ-a qayıdan Xalid və Valid Abuqhanem fevralın 17-də həbs edilib. Onlar başqa ölkədə adam oğurlamaq üçün sui-qəsddə ittiham olunurlar. Bu maddə ömürlük həbsə qədər cəza nəzərdə tutur.