Alimlər yaraları tikmək əvəzinə qaynaq etməyi təklif etdilər
18 yanvar 2024 04:41 (UTC +04:00)

Alimlər yaraları tikmək əvəzinə qaynaq etməyi təklif etdilər

İsveçrədə yaranı sapla tikmək əvəzinə yara kənarlarının qaynaq edilməsi təklif olunur, bu yeni texnoloji proses toxumaların tez birləşməsinə imkan yaradır.

Lent.az xəbər verir ki, İsveçrənin “Empa” Federal Materialşünaslıq Laboratoriyasının məlumatına əsasən, bu texnologiya, xüsusən qoyulan tikişlərin açılması nəticəsində həyat üçün təhlükəli fəsadların yaranmasının qarşısını alacaq.

“Empa” Laboratoriyasının və İsveçrənin Sürix Ali Texniki Məktəbinin (ETHZ) bir qrup alimi artıq müvafiq patentin alınması üçün müraciət ediblər.

Prinsip etibarilə, bu yeni metoddan istifadə edilməklə yaraların qaynaq edilməsi prosesi, metal parçalarının lehimlənməsi prosesi kimidir. Bunun üçün aşağı temperaturda əriyən və ayrı-ayrı hissələri və ya elementləri birləşdirmək üçün istifadə edilə bilən qaynaq maddəsi tələb olunur. Metallar üçün ümumiyyətlə, qalay, qurğuşun və ya kadmiyum əsaslı birləşmələrdən qaynaq maddəsi kimi istifadə olunur. Yaraların qaynaq olunması üçün isə elm adamları yeni lehimləyici maddə qismində yumurtanın ağından hazırlanmış jelatin pastası hazırlayıblar.

Bu pasta iki növ nanohissəcikdən ibarətdir. Birinci növə aid olanlar işığı istilik enerjisinə çevirən titan nitrid nanohissəcikləridir. Pasta lazerlə şüalandırılanda qızmağa başlayır. İkinci növə isə pastada bir növ termometr rolunu oynayan vismut vanadat hissəcikləri daxildir. Onlar temperaturdan asılı olaraq müəyyən dalğa uzunluğunda işıq yayırlar və beləliklə, bu, əməliyyatın temperatur rejiminə çox dəqiq şəkildə nəzarət etməyə imkan yaradır.

Alimlər, mədəaltı vəzidən və ya qaraciyərdən götürülmüş müxtəlif nümunələrlə aparılan laboratoriya testlərində yaraların kənarlarının sürətli və sabit şəkildə birləşməsinə nail olublar.

Qeyd edək ki, bu tədqiqatın uğurla başa çatdırılması ilə bağlı müvafiq məqalə ixtisaslaşmış “Small Methods” jurnalında dərc edilib. Məqalədə göstərildiyi kimi, bu əməliyyat sidik kisəsi, bağırsaq və s. kimi orqanlarda aparıldığı zaman da yaraların qaynaq edilməsi eyni dərəcədə uğurla müşayiət olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4641
avatar

Oxşar yazılar