Qarlı hava şəraiti ilə əlaqədar Ağsu aşırımında nəqliyyatın hərəkəti iflic olub.
Lent.az xəbər verir ki, Şamaxı, Ağsu və İsmayıllı rayonlarına yağan güclü qar səbəbindən Bakı-Şamaxı, Muğanlı-İsmayıllı və Ağsu aşırımında yolları qar örtüb. Nəticədə onlarla sürücü yolda qalıb. Bəzi iddialara görə isə hətta sürüşmə nəticəsində yüngül qəzalar da baş verib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Lent.az-a bildirib ki, səhər saatlarında yalnız Ağsu aşırımında müəyyən çətinliklər yaranıb: “Səhər saatlarından Qobustan rayonundan başlayaraq dağlıq ərazilərə qar yağıb. Qobustandan Muğanlı kəndi və Ağsu aşırımına qədər olan yollarda heç bir problem yoxdur. Ancaq hər ehtimala qarşı müəyyən texnikalar yola çıxarılmışdı. Ağsu aşırımında nisbətən hərəkətdə problemlər olub. Bəzi ehtiyatsız sürücülər yay şinləri ilə yola çıxıblar ki, bu da qarlı havada onların hərəkətinə mane olub.
Avtomobilini qış mövsümünə hazırlamayan sürücülərdən xahiş edirik ki, Ağsu aşırımından deyil, digər magistral yollardan istifadə etsinlər. Orada təmizləyici texnikalarımız olsa da, həmin avtomobillərin hərəkətində yenə problem yaranacaq”.
Anar Nəcəflinin sözlərinə görə, hazırda qeyd etdiyimiz yollarda sulu qar yağır. Heç bir yolda hərəkətlə bağlı problem yoxdur.