"ADSEA-ya yalan danışdıq,  təki gəlib oranı düzəltsinlər" - Faciəvi şəkildə ölən Cümşüdün MƏHKƏMƏSİ
03 mart 2026 12:47 (UTC +04:00)

"ADSEA-ya yalan danışdıq, təki gəlib oranı düzəltsinlər" - Faciəvi şəkildə ölən Cümşüdün MƏHKƏMƏSİ

0

Nərimanov Rayon Məhkəməsində "Baksol yolu" adlanan ərazidə yolun çökməsi nəticəsində kollektora düşüb həyatını itirən 28 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı başlanmış cinayət işi üzrə həbs olunmuş Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid Səyyar Nuriyev çökmə baş verən yerdən aralı məsafədə obyektinin olduğunu deyib:

"Hadisə mənim obyektimin qarşısında olub, lakin nə mən, nə də işçilərim onu görməyib. 3 dəfə ADSEA-nın qaynar xəttinə zəng edib şikayət etmişəm, problemimi demişəm. Mənə cavab veriblər ki, yavaş-yavaş düzəldəcəklər. Quraşdırılan dəmirlər yerə tam bərkidilməmişdi. Məhəccərlərin yerini tez-tez özləri dəyişirdilər".

Təqsirləndirilən Azər Cümşüdov bu fikrə etiraz edib: "Sahibkar yalan deyir. Biz dəmirləri götürməmişik. Bizim digər ərazilərə kifayət edəcək qədər dəmirimiz vardı. Hadisədən sonrakı gün bizim işçilər gördü ki, sahibkarlar özləri dəmirləri yığıb öz obyektlərinə qoyublar".

Şahid Asif Həbibov ifadə verərək, hadisə baş verən ərazinin onun da obyektinə yaxın olduğunu bildirib:

"Hadisənin tam şahidi olmamışam. Amma ilk çökmə baş verən zaman, fevralın əvvəlində Səyyarın ADSEA-ya zəng edib şikayət etdiyininin şahidi olmuşam. Mən də məcbur oldum, öz dəmirlərimlə ərazini mühafizəyə aldım. Bu prosesdən 3-4 gün sonra öz dəmirlərimi ərazidən götürdüm. Çünki mən onları kirayə verməklə pul qazanırdım. Dəmirlərin sayı az idi, ərazini tam əhatə etmirdi. Ətrafa çəkilən lent isə ya küləkdən, ya da sürücülərin dartmasından qırılırdı. Məhəccərləri yerə bərkitməmişdilər. Çünki yerə mismar vursaydılar, yer anında çökərdi. Oranı özümüz bağlamışdıq da, niyə təzədən açaq ki? Biz də oraya düşə bilərdik. ADSEA-ya yalan demək məcburiyyətində qaldıq. Onlara yalandan dedik ki, az qalsın çuxura filankəs düşürdü, güclə onu xilas etmişik. Təki gəlib oranı düzəltsinlər. Bizim nə marağımız vardı ki, həyatımızı risqə ataq?".

Dövlət ittihamçısı təqsirləndirilənin təqdim etdiyi fotoları göstərərək, hadisə yerində 2-3 məhəccər olduğunu deyib: "Sahibkarları günahlandırmaqla deyil ki. Bu şəkillərdən aydın görünür ki, dəmirlər sahibkarlara məxsusdur".

Təqsirləndirilən Azər Cümşüdov şəkildə ərazinin aydın düşmədiyini bildirib və orada 8 dəmirin olduğunu deyib.

Məhkəmə növbəti prosesi martın 17-nə təyin edib.

Xatırladaq ki, iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.

Qeyd olunub ki, aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub. Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs qismində cəlb edilən Azər Cümşüdov həbs edilməyib, onun barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 494

Oxşar yazılar