Abşeron rayon Polis İdarəsi və ərazi üzrə polis bölmələri iyulun 21-də rayon ərazisində hüquqpozmalara qarşı növbəti dəfə gücləndirilmiş əməliyyat-profilaktiki tədbirlər keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Abşeron rayon Polis İdarəsi Qobu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Hökməli qəsəbəsi sakini Cavid Hüseynov saxlanılıb. Onun üzərindən 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 3 ədəd patron aşkar edilib.
Mehdiabad Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı isə üzərində qanunsuz olaraq odlu silah gəzdirən əvvəllər məhkum olunmuş Heydər Abbasov saxlanılıb. Həmin şəxsdən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilib. Bölmə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Namiq Şükürov saxlanılıb. Bu şəxsdən 2 kiloqramdan çox heroin aşkar edilib.
Abşeron rayon Polis İdarəsi Saray Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı isə üzərində qanunsuz olaraq odlu silah saxlayan Zaur Hüseynov tutulub. Onun üzərində 1 ədəd “TT” markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar olunaraq götürülüb.
Abşeron rayon Polis İdarəsi Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının eçirdikləri əməliyyatlar zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Məmmədov Elşad Lətif oğlu saxlanılıb. Ondan qanunsuz olaraq əldə edib üzərində daşıdığı 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd daraq və 5 ədəd patron aşkar edilib. Cinayət Axtarışı Şöbəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat zamanı isə Xırdalan şəhərində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Məmmədov Elşad Namiq oğlu da saxlanılıb. Bu şəxsdən satış məqsədi ilə əldə etdiyi 3 kiloqram heroin aşkar edilib.
Abşeron rayonunda keçirilən tədbirlər çərçivəsində müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan 9 nəfərin yeri müəyyənləşdirilərək saxlanılıb, “isti izlərlə” cinayətin açılması üzrə 12, narkotiklə əlaqəli cinayətlərə görə 8, küçə ticarəti, eləcə də avaralıq və dilənçiliklə məşğul olduqlarına görə 40, xırda xuliqanlığa vəxırda talamaya görə 32 fakt aşkarlanıb, mülki axtarışa görə 23 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bununla yanaşı, yol hərəkəti qaydalarını pozan ümumilikdə 117 sürücü inzibati məsuliyyətə cəlb edilib. Avtomobilinə əlavə avadanlıqlar quraşdıran, sərxoş vəziyyərdə sükan arxasında əyləşən, eləcə də konstruksiya dəyişikliyi edən 14 sürücü, dayanma-durma qaydalarının pozulmasına görə 182 fakt müəyyən edilib. İtkin düşən 4 nəfər tapılaraq yaxınlarına təhvil verilib.
Ötən gün Abşeron rayonunda polisin keçirdiyi profilaktik tədbirlər zamanı cinayət və inzibati xarakterli ümumilikdə 1962 fakt aşkar olunub. Abşeron rayonu ərazisində hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktiki tədbirlər mütəmadi olaraq etdiriləcək.