Şirvanda qardaşlar tərəfindən marşrut sürücüləri bıçaqlanıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə fevralın 1-də günün ikinci yarsında “Köhnə şəhər” massivi kimi tanınan ərazidə baş verib.
Şirvan sakini, 1988-ci il təvəllüdlü Qasımov Şamil Aslan oğlu mübahisə etdiyi marşrut sürücüsünü, Sabirabad rayonunun Şəhriyar kənd sakini, 1993-cü il təvəllüdlü Əliyev Kamran Nizami oğlunu bıçaqlayıb.
Yaralı sifət, qulaq seyvanı, boyunun və əsas damarın zədələnməsi diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Çoxlu qan itirən yaralı ilkin yardım aldıqdan sonra vəziyyəti ağır olduğundan paytaxta respublika xəstəxanasına yola salınıb.
Hadisəni törətməkdə təqsirləndirilən Ş. Qasımov polis tərəfindən saxlanılıb. Hadisədən xəbər tutan sonuncunun qardaşı - 1989-cu il təvəllüdlü Qasımov Famil Aslan oğlu 2 saat sonra hadisənin baş verdiyi dayanacağa gedərək başqa bir sürücü ilə mübahisəyə girib. Nəticədə həmin xətdə işləyən sürücü - Şirvan sakini, 1988-ci il təvəllüdlü Vazehi Vüsal Məmmədağa oğlunu bıçaqlayıb. Sonuncu Şirvan xəstəxanasına yerləşdirilərək əməliyyat olunub və reanimasiya şöbəsinə köçürülüb. Hadisəni törədən F.Qasımov da bir müddət sonra polis tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.