Xızı sakininin evindən partlayıcı maddələr tapılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, iyun ayının 21-də gecə saatlarında Xızı Rayon Polis Şöbəsinə rayonun Giləzi qəsəbəsi ərazisində naməlum şəxs tərəfindən iki dəfə qumbara partladılması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal şöbə əməkdaşları hadisənin baş verdiyi əraziyə yollanıblar və həmin ərazidən əlavə olaraq daha bir partlamamış əl qumbarası aşkarlayıblar.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qeyd olunan hadisəni törətməkdə şübhəli bilinən Sərvan Nəbiyev qısa zaman ərzində qəsəbə ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Dindirilmə zamanı o tutduğu əməli etiraf edərək əl qumbaralarını tanışı Yalçın Novruzovdan əldə etdiyini bildirib.
Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə Y.Novruzov da qəsəbə ərazisində saxlanılıb və ANAMA-nın mütəxəssisləri ilə birlikdə ona məxsus yaşayış evinə keçirilmiş baxış zamanı həyətyanı sahədən iki ədəd F-1 əl qumbarası və 10 ədəd UZRQM partladıcısı aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Xızı RPŞ-nə cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.