Prokurorluq bələdiyyə sədri və icra nümayəndəsinin həbsi barədə məlumat yaydı
29 iyul 2020 16:50 (UTC +04:00)

Prokurorluq bələdiyyə sədri və icra nümayəndəsinin həbsi barədə məlumat yaydı

Zərdab rayonu, Yarməmmədbağı bələdiyyəsinin sədri vəzifəsində işləyən Xəlilov Sahib Osman oğlu və Zərdab rayon İcra Hakimiyyəti başçısının Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Xəlilov Rahib Yediyar oğlunun bələdiyyəyə məxsus 74 hektar torpaq sahəsini tərtib etdikləri 2007-ci il tarixli saxta icarə müqaviləsi əsasında 25 il müddətinə (2007-ci il tarixdən 2032-ci il tarixədək) icarəyə verilməsi müqabilində vətəndaşdan 10 min manat pul vəsaitini rüşvət qismində istəmələri barədə müraciət əsasında Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Baş prokurorluqdan Lent.az-a daxil olan məlumata görə, daxil olmuş məlumat əsasında Baş İdarənin əməliyyat qurumları tərəfindən həyata keçirilmiş operativ əməliyyat-axtarış tədbirləri ilə Sahib Xəlilov və Rahib Xəlilovun qeyd edilən 10 min manat məbləğinin 500 manatını iyulun 18-də tanışlarının adına olan “Kapital bank” ASC-yə məxsus plastik karta yüklənməsinə nail olmaqla, habelə, qalan məbləğin 1.500 manatını isə iyulun 22-də Zərdab rayonu, Aşağı Seyidlər kəndində almaları təsbit edilmiş, həmin şəxslər iyulun 28-də vətəndaşdan tələb etdikləri məbləğin 5 min manatını Zərdab rayonu ərazisində yerləşən kafelərdən birində alarkən cinayət başında yaxalanıblar.

Göstərilən faktlar əsasında iyulun 28-də Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə külli miqdarda maddi neməti rüşvət qismində istəməklə alma) və 313-cü (vəzifəli şəxs tərəfindən tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmə) maddələri ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə Xəlilov Sahib Osman oğlu və Xəlilov Rahib Yediyar oğlunun Cinayət Məcəlləsinin həmin maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən sonuncular iyulun 28-də şübhəli şəxs qismində tutulublar.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2620
avatar

Mehman Nəbiyev

Oxşar yazılar