Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Orxan Hüseynov saxlanılıb.
Onun yaşadığı ünvana baxış keçirilən zaman sellofan qablaşdırmalarda 10 qramdan artıq narkotik vasitə olan heroin və eləcə də metafematamin aşkar edilərək götürülüb. O. Hüseynovun ətrafında aparılan araşdırmalarla narkotik vasitəni Bərdə şəhərində yaşayan adaşı Orxan Məmmədovdan aldığı müəyyən edilib. Ondan bir ədəd bıçaq və 5 qrama yaxın metamfetamin götürülüb. Bundan başqa keçirilmiş digər əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən daha iki nəfər saxlanılıb.
Belə ki, daxil olmuş məlumat əsasında Bərdə rayon sakini Elşən Əliyev saxlanılıb. Onun yaşadığı ünvana baxış zamanı 14 qrama yaxın heroin aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə onun narkotiki Goranboy rayonunda yaşayan, əvvəllər məhkumluğu olan Yasim İsmayılovdan aldığı müəyyən edilib və Y. İsmayılov Polis Şöbəsinə gətirilib. Həkim müayinəsi ilə onun daxili orqanlarına baxış keçirilmiş və mədəsində satış məqsədi ilə saxladığı sellofan torbaya bükülmüş 10 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalara davam etdirilir.