“Vətəndaşların məhkəməyə müraciət etməsi üçün bizdə prosessual müddətlər nəzərdə tutulub. Ancaq zənnimcə, xüsusi karantin rejimi dövründə vətəndaşların məhkəməyə müraciət etməsi üçün nəzərdə tutulan müddətlərin ötürülməsi prosessual pozuntu kimi qəbul oluna bilməz”.
APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin onlayn mətbuat konfransında Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti, Yasamal rayon Məhkəməsinin hakimi Ramin Qurbanov bildirib.
R. Qurbanov deyib ki, hazırda Ali Məhkəmənin Pleniumunun müvafiq qərarına əsasən məhkəmələrdə bu işlər karantin rejiminə görə keçirilmir: "Lakin bu həftədən onlayn məhkəmənin keçirilməsi imkanı yaradılıb. Bu yeniliyin tətbiqi yalnız proses iştirakçılarının istəyi əsasında həyata keçirilə bilər. Çünki bu istək eyni zamanda həmin şəxslərin elektron vasitələrdən istifadə etmək bacarığı, evlərində və ya smartfonlarında internetin olub-olmamasından asılıdır. Vətəndaşı buna məcbur etmək olmaz. Dövlət tərəfindən lazımi tədbirlər görülüb, lazımi şərait yaradılıb. 2-3 günün təcrübəsi onu göstərir ki, bu proseslərdə iştirak edən şəxslər daha gənc təbəqədən olan nümayəndələridir. Hesab edirəm ki, burada prosessual müddətlərin tətbiqi düzgün olmazdı. Ola bilər ki, bir qisim işlərə onlayn məgkəməyə baxılır, digərlərində baxılmır.
Çünki həmin proses iştirakçıları bəzi hallarda cavabdehlər tərəfindən süni olaraq bunun uzadılmasına şərait yaradırlar. Yeniliyin əsas məğzi dövlət tərəfindən vətəndaşlar üçün təxirə salınmadan mübahisələrə baxılması üçün bir imkandır. O vətəndaş ki, bunu tətbiq etmək istəyir və mübahisənin daha qısa müddətə həll etmək istəyirsə, bu, müsbət qarşılanır. Eyni zamanda, məhkəmə mənafeyi baxımından da bu, bizim üçün sərfəlidir. Çünki məhkəmədə iş yükü artır. 2-3 pandemiyanın olması o deməkdir ki, pandemiyadan sonra hakimlərin də iş yükü 25 faiz artacaq".