Göygöl rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Çaykənd kəndi ərazisində yerləşən mağazalardan, fərdi yaşayış evlərindən və avtomobildən silsilə oğurluqlar etməklə zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran 2 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, araşdırmalarla onların rayon sakinləri 28 yaşlı Eltac İsazadə və 23 yaşlı Saləddin Hüseynov olduqları müəyyən edilib.
Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisələrini etiraf ediblər. Ətraflarında aparılan araşdırmalar zamanı məlum olub ki, onlar iyul ayının müxtəlif vaxtlarında kənd ərazisində yerləşən 2 mağazadan 1503 manat dəyərində tütün məmulatları və müxtəliv növ məhsullar, 2 fərdi yaşayış evindən ümumilikdə 400 manat nağd pul, 200 manat dəyərində qol saatı və müxtəlif məbləğlərdə elektrik avadanlıqları oğurlayıblar. Davam etdirilən istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin kənd sakininə məxsus avtomobilə gizli yolla qanunsuz daxil olaraq ordan 200 manat dəyərində musiqi avadanlığı da oğurladığı məlum olub. Saxlanılan şəxslərin sonuncu cinayət əməli isə rayon sakininə məxsus 800 manat dəyərində mobil telefonu oğurlamaq olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.