Ermənistanın Azərbaycan Respublikasının mülki əhalisinə qarşı müxtəlif cinayətlər törətməsi və həmin cinayətlərdə xarici ölkələrdən gətirilmiş muzdluların iştirak etməsinə dair Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən mötəbər sübular əldə edilib.
Bu barədə Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, baş vermiş hadisələrlə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev tərəfindən həmkarlarına həm birbaşa, həm də diplomatik kanallarla rəsmi bəyanatla müraciət edilib.
Bəyanatda deyilir:
"Məlum olduğu kimi sentyabrın 27-dən etibarən təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərək, Cenevrə Konvensiyaları və ümumilikdə beynəlxalq hüquqdan irəli gələn müvafiq öhdəliklərini kobud şəkildə pozmaqla dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri, hətta döyüş bölgələrindən kənarda yerləşən Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərlərini, Abşeron və Xızı rayonlarını ağır silahlardan atəşə tutmağa davam edir. Bugünədək Ermənistanın hərbi təcavüzü nəticəsində 3-ü uşaq, 9-u qadın olmaqla 31 mülki şəxs həlak olub, 164 mülki vətəndaş ağır yaralanıb, ümumilikdə 1054 yaşayış evi, 142 mülki obyekt, 45 çoxmənzilli bina dağıdılıb. Azərbaycan Respublikasının silahlı qüvvələri tərəfindən erməni təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq humanitar hüquqa tam riayət etməklə səmərəli əks-hücum və adekvat cavab tədbirləri həyata keçirilməkdir.
Azərbaycan Ordusunun təsirli cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri əhəmiyyətli sayda canlı qüvvə itkisi ilə üzləşdiyinə görə ölkənin hərbi-siyasi rəhbərliyinin çağırışı əsasında xarici ölkələrdə yaşayan erməni diasporası tərəfindən muzdluların Azərbaycan Respublikasının silahlı qüvvələrinə qarşı döyüşmək məqsədilə Dağlıq Qarabağa göndərilməsi təşkil olunur. Bu hərəkətlər beynəlxalq hüquq normalarına zidd olmaqla, eyni zamanda Azərbaycanın və xarici dövlətlərin qanunvericiliyə əsasən cinayət hesab olunur və beynəlxalq təhlükəsizliyin pozulmasına şərait yaradan təhlükəli amildir.
Bildirirəm ki, artıq 2 faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, hazırda istintaq əməliyyat tədbirləri davam etdirilməklə həmin şəxslərin vətəndaşı olduqları ölkələrin səlahiyyətli qurumlarına hüquqi yardım haqqında sorğular göndərilib".