Son günlər ərzində 3 halda 21,7 kq narkotik vasitəyə, psixotrop və güclü təsiredici maddəyə oxşar vasitə, preparat və həbin İrandan Azərbaycana gətirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, “Horadiz” sərhəd dəstəsinin İmişli rayonu Aranlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində 32 yaşlı İran vətəndaşı Sədri Kazım Həmid İrandan qanunsuz olaraq Azərbaycana keçərkən sərhəd pozucusu qismində saxlanılıb. Onun saxlanıldığı yerə baxış keçirilərkən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirdiyi bağlamada külli miqdarda narkotik vasitə - 4 kq 52 qram heroin, 1 kq 815 qram qurudulmuş marixuana, 505 qram tiryək, psixotrop maddə - 4,9 qram mеtadon, 1103 qram metaмfеtamin, güclü təsir edən maddə - 8,9 qram “Tramadol”, 37,4 qram “Preqabalin”, 0,4 qram “Klobazam” aşkar olunaraq götürülüb.
Qeyd olunan fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb, Sədri Kazım Həmid barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib və cinayətkar qrupun digər iştirakçılarının müəyyən edilməsi üçün əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bir neçə gündən sonra həmin sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana keçmək istəyən 2 nəfər şəxs tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Belə ki, sərhəd naryadının sayıqlığı nəticəsində qaçaqmalçılar qaçaqmal predmetini hadisə yerində ataraq İrana tərəf geri qaçmışlar. Hadisə yerinə baxış keçirilərkən ərazidə 4 kq 520 qram heroinə, 495 qram qurudulmuş marixuanaya və 2 kq 60 qram metamfetaminə oxşar maddələr aşkar edilərək götürülüb.
Növbəti dəfə eyni sərhəd zastavasının xidməti sahəsində 6 kq 320 qram heroinə, 540 qram qurudulmuş marixuanaya, 210 qram həşişə oxşar maddələr və 51 flakonda güclü təsir edən vasitə “Mydrax-Tropikamide”-yə oxşar maddə aşkar olunaraq götürülüb.
Qeyd olunan son iki fakt üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir.