Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən bir qrup sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Saxlanılan Gəncə şəhər sakinləri Arif Tağıyev, Asif Tağıyev və Toğrul Əliyevin müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etmələri məlum olub. “Chevrolet” və “VAZ 21074” markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan bu şəxslər barəsində Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları ninzibati qaydada protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndəriblər.
Məhkəmə saxlanılan şəxslərin hər birinə 15 sutka həbs verib, onlar 1 il sürücülük hüququndan mərhum ediliblər.