"Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il aprelin 3-dəki fərmanda da dövlət başçısının humanist siyasətinin təzahürü olaraq cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılmasına dair tədbirlərin davam etdirilməsi tapşırılıb, bununla əlaqədar qabaqcıl beynəlxalq təcrübə öyrənilməklə Cinayət, Cinayət-Prosessual, İnzibati Xətalar və Cəzaların icrası məcəllələrinə əsaslı dəyişikliklərin edilməsi, o cümlədən bir çox əməllərin dekriminallaşdırılması, alternativ cəzalardan daha geniş istifadə olunması və yeni mütərəqqi hüquq institutlarının tətbiqi məsələləri ilə bağlı hazırlanmış qanun layihələri Milli Məclisə təqdim olunmuş və dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında 01.05.2020-ci il tarixli Qanunla Cinayət Məcəlləsinə mühüm dəyişikliklər edilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dəyişikliklərə əsasən 35 əməl tamamilə və ya cinayət əməlinə görə məsuliyyət yaradan hədd artırılmaqla dekriminallaşdırılıb, bəzi cinayətlərə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən olunub, azadlıqdan məhrum etmə cəzasının tətbiqi hallarının azaldılması məqsədilə 30 maddənin sanksiyasına alternativ cəzalar, o cümlədən cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması cəzaları daxil edilib, hərbi xidmət əleyhinə olan cinayətlərə görə cəzalar yüngülləşdirilib.
Yeni Qanun və onun tətbiqi barədə dövlət başçısının 2020-ci il mayın 22-dəki fərmanı ədliyyə orqanlarının üzərinə mühüm vəzifələr qoyub, bununla əlaqədar Ədliyyə Nazirliyi üzrə iyunun 1-də əhatəli əmr imzalanaraq, qanunun dürüst və mütəşəkkil icrasının təmin olunması, o cümlədən penitensiar və probasiya xidmətlərinin əməkdaşlarına təlimlərin keçirilməsi, həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə qanunun humanist mahiyyəti barədə geniş maarifləndirmə işinin aparılması, Qanunun təsiri altına düşən şəxslərin dairəsinin dəqiq müəyyən olunaraq onların cəzadan azad olunması və ya cəzasının yüngülləşdirilməsi ilə bağlı təxirəsalınmadan qanunamüvafiq tədbirlərin görülməsi barədə və digər konkret tapşırıqlar verilib.