Avqustun 5-də saat 14 radələrində Səbail rayonu ərazisində Emil Kazıyevin 2 yaşlı oğlu Ömər Şabanova bıçaq xəsarətini yetirməsi, daha sonra özünün də bədənin müxtəlif nahiyələrinə xəsarətlər yetirməsi barədə Səbail rayon Polis İdarəsinə məlumat daxil olub.
Baş Prokurorluğunun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməklə, zəruri prosessual hərəkətlər keçirilib və fakta görə Səbail rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış istintaq zamanı Emil Kazıyevin bıçaqla boğaz nahiyəsini kəsərək köməksiz vəziyyətdə olan azyaşlı oğlu Ömər Şabanovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən, avqustun 10-da iş üzrə əməl Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddəsinə tövsif edilməklə cinayət işi Səbail rayon prokurorluğu tərəfindən icraata qəbul edilib.
Rayon prokurorluğunun müstəntiqi tərəfindən Emil Kazıyevin barəsində “ittiham elan edilməsi üçün tutulması” haqqında qərar qəbul edilib, lakin sonuncunun xəstəxananın reanimasiya şöbəsində stasionar müalicə almasını nəzərə alaraq, hazırda təqsirləndirilən şəxs qismində cəlb olunması mümkün olmayıb.
Qeyd edilməlidir ki, hazırda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən azyaşlı Ömər Şabanovun şəxsiyyət kimi formalaşmasına, habelə onun mənəvi inkişafına, fiziki və psixi sağlamlığına təsir edən amillər, ümumilikdə maddi-məişət şəraiti hərtərəfli yoxlanılır və araşdırmanın nəticəsindən asılı olaraq Ömər Şabanovun gələcək həyat şəraiti, qulluq və qayğı vəziyyəti ilə bağlı qanuni tədbirlərin görülməsi təmin ediləcək.