İyunun 23-də, saat 1 radələrində Heydər Əliyev prospektində qəza xidməti ilə əlaqədar aparılan təmir işləri zamanı Nərimanov rayonu Su Kanal İdarəsinin Qəza-Bərpa xidmətinin sahə rəisi, 53 yaşlı Əlqamət Zeynalovun avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərdən vəfat edib.
Nərimanov rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, fakta görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə hadisə yerinə baxış keçiriliib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
İstintaqla hadisənin “Mercedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini 34 yaşlı Seymur Abbasov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.