Avqustun 7-də gecə saat 23 radələrində Sumqayıt şəhər sakini 33 yaşlı Şəhanə Əhmədovanın dənizdə boğularaq ölməsi ilə bağlı məlumat daxil olub.
Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Araşdırmalarla 34 yaşlı Anar Əhmədovun Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən istirahət mərkəzindən dənizə birlikdə daxil olduğu hamilə arvadı Şəhanə Əhmədovanı aralarında yaranmış mübahisə nəticəsində boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Anar Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.