Təxmini çəkisi 45 kiloqram narkotik vasitələrə bənzər maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alın;b.
Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, mart ayının 27-də Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Sərxanlı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolaqda 2 nəfər naməlum şəxsin hərəkəti müşahidə olunub. Sərhəd naryadı tərəfindən onlara “Dayan” komandası verilib. Sərhəd pozucuları əmrə tabe olmayaraq hadisə yerindən qaçıblar.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılaraq, xidməti ərazi qapadılıb, sərhəd naryadı tərəfindən qaçaqmalçıların təqibi və hadisə yerinin axtarışı həyata keçirilib.
Əraziyə baxış zamanı 3 ədəd bağlama içərisində 11965 qram narkotik vasitələrə (8700 qram heroinə, 3185 qram metamfetaminə, 80 qram marixuanaya, 4030 ədəd metadon-40 həbinə) bənzər maddələr və 10 ampula “maydrax” adlı dərman preparatları aşkar olunaraq götürülüb.
Martın 28-də Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Aşağı Çəmənli kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən şübhəli şəxs qismində saxlanılan 38 yaşlı Bakı şəhər sakini Məmmədov Ramin Yavuz oğlunun əlindəki bağlamaya baxış zamanı içərisində 15890 qram tiryəkə, 4915 qram həşiş qətranına, 4500 qram metamfetaminə, 4480 qram heroinə, 2610 qram marixuanaya və 300 ədəd metadon-40 həbinə oxşar maddələr aşkarlanaraq götürülüb.
Martın 29-da “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Astara şəhərinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycan ərazisinə hərəkət edən naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucusu əlindəki əşyanı əraziyə ataraq havanın qaranlıq, ərazinin isə sıx kolluq olmasından istifadə edərək geriyə qaçıb. Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilib, nəticədə 1 ədəd bağlama içərisində 2420 ədəd metadon-40 həbləri aşkar edilib.
Bütün faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.