45 ailənin yaşadığı bina qəzalı vəziyyətə düşdü - FOTO
25 sentyabr 2021 17:21 (UTC +04:00)

45 ailənin yaşadığı bina qəzalı vəziyyətə düşdü - FOTO

Şamaxı rayonunda 45 ailənin yaşadığı bina qəzalı vəziyyətə düşüb, binada çatlar əmələ gəlib.

Lent.az-ın APA-ys istinadən məlumatına görə, qəzalı vəziyyətə düşən binanın üz örtüyünə yapışdırılan daşlar qoparaq tökülüb. Bununla yanaşı binanın divarlarında böyük çatlar əmələ gəlib.

Şamaxı şəhərinin Şirvan küçəsi 7 saylı ünvanda yerləşən yaşayış binası 1988-ci ildə tikilərək istifadəyə verilib. Üç blokdan ibarət 5 mərtəbəli binana 45 ailə yaşayır. Sakinlərin sözlərinə görə bina artıq elə vəziyyətə düşüb ki, qopan üzlük daşları onların həyatı üçün təhlükə yaradır. Binanın zirzəmisinə suyun yığılması vəziyyəti bir az da çətinləşdirir. Binadan iki metr aralıqda yerləşən fərdi həyət evində yaşayan Qüdrət Hüseynov bildirir ki, uzun müddətdir bu binanın arxa divarından qopan daşlar onun həyətinə tökülür. O, hər an xoşagəlməz hadisəsinin baş verəcəyindən narahatdır. O, nə qədər ki, belə hadisə baş verməyib binanın üz örtüyünün təmir edilməsini istəyir.

Məsələ ilə bağlı Şamaxı rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Ceyhun Hacıaslanov APA-nın yerli bürosuna bildirib ki, sözü gedən bina tikilərkən müəyyən konstruktiv qaydalara əməl edilməyib. Bu səbəbdən də bina qəzalı vəziyyətə düşüb. Ceyhun Hacıaslanovun sözlərinə görə yaranmış problemin həlli ilə bağlı qərar qəbul edilib. Baş memar qeyd edib ki, layihə smeta sənədləri hazırlanıb tenderə təqdim edilib. Yaxın müddətdə tenderin nəticəsi məlum olacaq. Tenderin nəticəsi məlum olduqdan sonra binanın təmirinə start veriləcək.

 

# 684
avatar

Oxşar yazılar