Baş Dövlət Yol Polisi İdarəsi karantin rejimi ilə əlaqədar ötən gün görülmüş işlər barədə məlumatı açıqlayıb.
İdarədən Lent.az-a daxil olan məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş karantin rejiminin pozulmasına görə ötən gün nəqliyyat vasitələri ilə hərəkətdə olan 680 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə cərimələnib.
Sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 77 nəfər olmaqla ümumilikdə 757 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 30-u rayon, 45-i paytaxt istiqamətinə olmaqla 75, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 50-i rayon, 65-i paytaxt istiqamətinə olmaqla 115, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 75-i rayon, 40-ı paytaxt istiqamətinə olmaqla 115 avtomobil geri qaytarılıb, ümumilikdə 305 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.