İyunun 1-də itkin düşən Qubanın Üçgün kənd sakini 23 yaşlı Samir Rüstəmovun meyiti Şabranın Taxtakörpü su anbarında tapılıb.
Lent.az Baku TV-ə istinadla xəbər verir ki, doğmalarının sözlərinə görə, hadisə gecə saatlarında Quba şəhəri ərazisində baş verib.
İş yoldaşları ilə yeyib-içən Samir kanalın ətrafına gəlib və 3 nəfərin gözü qarşısında suya düşüb.
Dostları onu çıxarmağa çalışsalar da, bunu nail ola bilməyiblər.
"11 gündür hər yerdə axtarırdıq. Tanınmaz vəziyyətdədir. Ayağı kəsilib, gözləri yoxdur", - itkin düşən şəxsin qohumu Məmməd Balabəyov Baku TV-yə açıqlamasında deyib.
Qeyd edək ki, gəncin axtarışı üçün əraziyə dalğıc-xilasediciləri cəlb edilmiş, kanala suyun verilişi dayandırılmışdı.
Həyata keçirilən tədbirlər nəticəsində Samur-Abşeron kanalında batması ehtimal olunan 23 yaşlı Samir Çərkəz oğlu Rüstəmovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Daha ətraflı videomaterialda:
***
11 iyun, saat: 15:33
Fövqəladə Hallar Nazirliyinə Taxtakörpü Su Anbarında suyun üzərində bir nəfərin meyitinin müşahidə edildiyi barədə məlumat daxil olub.
Lent.az xəbər verir ki, bu barıədə FHN-in mətbuat xidmətinin məlumatında deyilir.
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Şimal” dalğıc-axtarış qrupu cəlb edilib.
Keçirilən tədbirlər nəticəsində Samur-Abşeron kanalında batması ehtimal olunan 23 yaşlı Rüstəmov Samir Çərkəz oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.