20-dən çox mənzilin su sayğacını oğurladılar -  VİDEO
27 yanvar 2021 11:36 (UTC +04:00)

20-dən çox mənzilin su sayğacını oğurladılar - VİDEO

Sumqayıt şəhərində su sayğacları oğurlayanlar saxlanılıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsi və 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində binaların girişlərində quraşdırılan su sayğaclarını oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Mehman Şərifov və Anar Kişiyev saxlanılıblar. Onların ətrafında aparılan tədbirlərlə bu şəxslərin şəhər ərazisində 20-dən artıq mənzilin su sayğacını oğurladıqları müəyyən edilib. Mehman Şərifov və Anar Kişiyev ifadələrində oğurladıqları sayğacları şəhər ərazisində metal qəbulu məntəqələrindən birinə satdıqlarını bildiriblər. Oğurlanan sayğaclardan bir qismi saxlanılan şəxslərdən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Qeyd edilən faktlarla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir. Dəstə üzvlərinin digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə məlumat verə bilərlər.

Sonda Daxili İşlər Nazirliyi əlvan metalların qəbulunu həyata keçirən məntəqə sahiblərinə müraciət edərək bildirir ki, öz fəaliyyətlərini müvafiq qanunvericiliyinə uyğun şəkildə qursunlar. Oğurluq və ya qeyri-qanuni yolla əldə olunan əlvan metalların qəbulunu həyata keçirməkdən imtina etsinlər, bu hallarla rastlaşdıqda isə dərhal ərazi polis orqanlarına və ya “102” Zəng Mərkəzinə məlumat versinlər.

Su sayğacı oğurlayanlar tutuldu

# 1032
avatar

Mehman Nəbiyev

Oxşar yazılar