Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Saqareco rayonunun Ləmbəli kəndində 14 yaşlı “həyat yoldaşı” Aytac Şahmarovanı qətlə yetirməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Alim Sadiqov 3 günlük axtarışlardan sonra saxlanılıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, polis cinayətdə istifadə edilmiş silahlı dəlil kimi müsadirə edib.
Aytac Şahmarovanın anası bildirib ki, qızı 2 ay əvvəl Alim Sadiqov tərəfindən “evlənmək” məqsədilə qaçırılıb. Yerli KİV-in məlumatına görə, azyaşlı bu müddət ərzində bir neçə dəfə qaçmağa da çalışıb, hətta bir dəfə qaçmağa müvəffəq olub. Lakin ailələrin bir araya gəlməsindən sonra Aytac Şahmarova “ər evi”nə qaytarılıb.
Qeyd edək ki, cinayəti törətməsi sübuta yetirilərsə şübhəlini 20 ilədək həbs cəzası gözləyir.
Xatırladaq ki, hadisənin oktyabrın 5-də gecə saatlarında, “cütlüyün” qohumlardan birinin toyuna hazırlaşdığı ərəfədə baş verdiyi bildirilir.
Yerli sakinlərin sözlərinə görə, A. Sadiqov qeyri-rəsmi nikahda olduğu Aytac Şahmarovaya odlu silahdan 3 dəfə atəş açaraq xəsarət yetirib, yeniyetmə aldığı güllə yarasından hadisə yerindəcə keçinib.