“Atamı arvadımı zorladığı üçün öldürdüm”
06 avqust 2011 15:21 (UTC +04:00)

“Atamı arvadımı zorladığı üçün öldürdüm”

Haqqında yazacağım cinayət işi bir müddət əvvəl Şəki şəhərində baş verib. Şəhər sakini A.Q. ailə münaqişəsi zəminində atası M.Q.-ni boğaraq qətlə yetirib. Atasını qətlə yetirən oğulun istintaqa verdiyi ifadə cinayət işinin istintaqını aparanları şoka salıb. Belə ki, A.Q. atasını arvadını zorladığı üçün öldürdüyünü söyləyib.

Lent.az atasını öldürən 26 yaşı gəncin cinayət işini təqdim edir.


Namussuz ata, biçarə ana və bədbəxt uşaqlar...

A.Q.gilin ailəsi 5 nəfərdən ibarət idi. Ailədə iki qardaş, bir bacı olan A.Q. daim atası tərəfindən əziyyətlərə məruz qalırdı. Belə ki, A.Q.-nin atası M.Q. hər gün evə sərxoş vəziyyətdə gələrək, ilk öncə A.Q.-nin anasını, daha sonra isə uşaqları döyürdü. Bu əziyyət uşaqlıqdan A.Q.-gil böyüyənə qədər davam edir. Uşaqların gözü qabağında nalayiq hərəkətlərə yol verən M.Q. getdikcə onların nifrətini qazanmağa başlayır. A.Q.-nin anası isə M.Q.-nin bu hərəkətlərinin onun içkili olmasında görür, uşaqlara atasına qarşı pis hərəkət etməməyi söyləyir: “Nə eləsə də, sizin atanızdır. Atanıza qarşı nalayiq hərəkət eləməyin”.


Uşaqlar həddi buluğa çatdıqdan sonra da M.Q öz nalayiq hərəkətlərindən bezmir, daim evdə səs-küy salaraq, onlara işgəncə verməyə davam edir. A.Q-nin anası çıxış yolunu böyük oğlu A.Q-ni evləndirməkdə görür. Ana fikirləşir ki, bəlkə evə gəlin gələndən sonra kişi düzələr, gəlindən utanıb uşaqlara və ona çəkdirdiyi əziyyətlərə son qoyar.



A.Q. rayonda qonşuluqda olan T.Z adlı bir qızla evlənir. T.Z-nin gəlməsi ilə evdəki vəziyyət daha da korlanır. Belə ki, M.Q. arvadına və uşaqlarına etdiklərini gəlininə də qarşı etməyə başlayır. Günlərin birində M.Q. evdə gəlininin tək olmasından istifadə edərək ona nalayiq təklif edir. O, gəlininə “oğlum kişi deyil, sənin ondan uşağın ola bilməz, gəl bir yerdə yaşayaq, səni uşaq sahibi edim, bundan heç kəsin xəbəri olmaz” deyir.


Gəlin əlində olan isti çayı qayınatasının üzünə ataraq, öz otağına qaçır. İsti çay M.Q-ni yandırdığından o, gəlininə “öz xoşunla mənimlə olmasan, zorlayacam səni” deyərək onu pis söyüşlərlə təhqir etməyə başlayır.


T.Z. sonra baş verən hadisəni qayınanasına danışır. Qaynanası ona M.Q-yə fikir verməməyi, onun başının xarab olduğunu bildirir. Gəlinə bu barədə A.Q.-yə heç bir söz söyləməməyi tapşırır. T.Z. belə də edir.


Qayınatasının nalayiq hərəkətlərinə dözməyən gəlin evi tərk edir

Üstündən bir müddət keçəndən sonra M.Q. yenidən gəlini T.Z-yə təzyiqlər göstərməyə başlayır. M.Q. yenə həmin iyrənc təklifi edəndə arvadı bunu eşidir. Ərinin üstünə cumaraq, onu söyməyə başlayır. M.Q. gəlinini də, arvadını da söyərək döyür. Səs-küyə gələn A.Q. güc bəla ilə arvadını və anasını M.Q.nin əlindən alır. A.Q. atasından nəyə görə belə etdiyini soruşur. M.Q. ”sən kişi deyilsən, uşağın olmur, arvadın mənimlə olmaq istəyir, ona görə də onu döydüm” deyərək A.Q.-ni də təhqir edir. Ərinin bu hərəkətlərinə dözməyən ana polisə şikayət edir. Polis M.Q.-ni 3 sutkalıq həbs edir.


M.Q. həbsdə olan zaman gəlin evi tərk edir. O, A.Q.-yə bundan sonra onunla yaşaya bilməyəcəyini söyləyir. A.Q. nə qədər çalışsa da, T.Z.-ni fikrindən döndərə bilmir.


M.Q. həbsdən qayıdandan sonra da əyyaşlığa davam edir. Yenə evdə həmin səs-küy, həmin problemlər...



Bu hadisələrin üstündən bir il ötür. A.Q. yenidən evlənməyə qərar verir. O, C.N. adlı qızı evə gəlin gətirir. Toyun ertəsi günü M.Q. yenidən evdə dava salır. Bu dəfə ki davanın səbəbi toyda yığılan pul üstündə olur. O, A,Q.-dən pulları tələb edir. Hər şeydən bezən A.Q. pulları atasına verib, təzə arvadını da götürüb evdən gedir. O, kirayə ev tutaraq orada yaşamağa başlayır. Lakin bu heç də M.Q.-yə sərf eləmirdi. Çünki evə yeganə qazanc gətirən A.Q. idi. Ondan başqa evdə heç kəs işləmirdi.


M.Q. oğlunun kirayədə qaldığı evə gedir. Oğluna dil-ağız edərək onu evə qaytarmaq istəyir. M.Q. daha içki içməyəcəyini, bütün bunların içki səbəbindən baş verdiyini söyləyir: “Daha bu söz-söhbətlər olmayacaq, qayıt evə!”


A.Q. atasına inanaraq evə qayıdır. Bir müddət özünü sakit aparan M.Q. çox keçmir ki, yenidən köhnə vərdişlərini qayıdır. Bu dəfə ki hərəkətləri daha da ağır olur.


Təzə gəlinə də əxlaqsız təkliflər edir. Gəlin bu barədə əri A.Q.-yə söyləyir. A.Q. ona atasının başının xarab olduğunu, ona çox da fikir verməməsini söyləyir.


Səbir kasasını daşıran son damla

Günlərin birində evə içkili vəziyyətdə gələn M.Q. təzə gəlinin otağına daxil olur. Gəlin çarpayıda uzandığını görən M.Q. onun üstünə cumur və onu zorlayır. Gəlinin qışqırıq səslərinə evdə olan qaynana gəlir. Otaqdakı dəhşətli səhnəni görən qaynana gəlinin otağındakı şüşə qabları M.Q-nin üstünə atır. Arvadının şokda olduğunu görən M.Q. onu döyməyə başlayır. Hirsi soyuyandan sonra o, qapının ağzındakı pilləkəndə oturaraq siqaret çəkməyə başlayır.


“Kişi olsaydın, arvadını belə eləməzdim”

Bu vaxt A.Q. evə gəlir. Qonşular evdəki səs-küy barədə ona xəbər veribmişlər. Qapının ağzında atasından nə baş verdiyini soruşduqda, atası dillənmir. O, evə girərək anasından nə baş verdiyini soruşur. Anası M.Q-nin yenə onlara əzab verdiyini, gəlinini və onu döydüyünü söyləyir. Anası A.Q.-nin əsəbi olduğunu görüb, ona həqiqətdə baş verənləri söyləmir. Lakin C.N. A.Q.-yə atasının onun namusuna toxunduğunu söyləyir. Bu sözləri eşidən A.Q. dərhal çölə çıxır. O, atasının pilləkəndə olmadığını görür və onu axtarmağa başlayır. Bu vaxt. M.Q. heç nə olmamış kimi yatağında uzanmışdı. A.Q. həyətdə onu axtardıqdan sonra onun otağına yollanır. Atasının çarpayıda uzandığını görən A.Q. onun üstünə cumur. Atasından nə üçün belə etdiyi soruşur. Atası cavabında “əcəb eləmişəm, sən kişi deyilsən, kişi olsaydın, arvadını belə eləməzdim” deyərək oğlunu söyməyə başlayır.


A.Q. həmin söyüşləri onun ağzında saxlayır. Atasının üstünə çıxaraq əli ilə onun boğazından yapışır və ona boğmağa başlayır. Xırıltısı kəsilənə kimi əllərini M.Q.-nin boğazından ayırmır. Atasının öldüyünə əmin olan A.Q. onun üstünü yorğanla örtərək həyətə düşür. Atasını öldürdüyünü heç kəsə demir.


Ertəsi gün analarının qışqırıq səsinə oyanan ailə M.Q.-nin öldüyündən xəbər tutur. Arvadı səhərə kimi M.Q-dən səs çıxmadığını görür. Əli ilə onun nəbzini yoxlamaq istəyəndə, M.Q.-nin bədəninin buz kimi olduğunu görür. Arvadı təcili yardım çağırır. Evə gələn həkimlər M.Q.-nin çoxdan öldüyünü söyləyirlər. Hadisə yerinə gələn polislər araşdırma apararkən, A.Q. dözməyərək atasını öldürdüyünü özü etiraf edir.


A.Q. istintaq və məhkəməyə verdiyi ifadələr hər kəsi şoka salır. İlk ifadələrində o, atasının namussuz hərəkəti barədə heç bir söz söyləmir. Utandığından atasının ailəsinə əziyyət verdiyi və bu səbəbdən onu öldürdüyünü söyləyir. Oğlunun cavan yaşda bədbəxt olduğunu görən ana buna dözməyərək, hər şeyi açaraq istintaqa söyləyir. Oğlunun əslində günahsız olduğunu, M.Q-nin onu bu həddə çatdırdığını söyləyir: “Oğlumun yerində kim olsaydı, bu addımı atardı”.


A.Q. barəsində cinayət işinin istintaqı tamamlanaraq məhkəməyə göndərilir. Məhkəməyə ifadəsində A.Q. ağlaya-ağlaya “atamı arvadımı zorladığı üçün öldürdüm” deyir: “Belə atam olduğuna görə utanıram”.


Şahid ifadələri, dəlil və sübutlar A.Q.-nin az cəza almasına kömək edir. A.Q. məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham olunaraq 8 il müddətin azadlıqdan məhrum edilir.


P.S. Bu yazı A.Q.-nin barəsində olan cinayət işinin ittiham aktı əsasında qələmə alınıb.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1203

Oxşar yazılar