Dəmiryolçuları mükafatlandırma və tənbeh etmə qaydaları müəyyənləşdi
29 iyun 2011 12:24 (UTC +04:00)

Dəmiryolçuları mükafatlandırma və tənbeh etmə qaydaları müəyyənləşdi

Nazirlər Kabineti “Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin İntizam Nizamnaməsi”nin təsdiq edilməsi haqqında qərar verib. Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin İntizam Nizamnaməsi “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq hazırlanıb.

Nizamnamə qatarların hərəkətinin və manevr işlərinin təhlükəsizliyini, daşınan yüklərin, baqajın, yük-baqajın və etibar olunan əmlakın müvafiq qaydaya uyğun saxlanmasını, eləcə də sərnişinlərin həyatını və sağlamlığını təhlükə altına alan halların aradan qaldırılması üçün dəmir yolu nəqliyyatının müəssisə, idarə, birlik, departament və təşkilat işçilərinin yüksək mütəşəkkillik və əmək vəzifələrini lazımi qaydada yerinə yetirmələrini təmin edir və dəmir yolu müəssisələri işçilərinin intizama riayət etmələrinin xüsusi şərtlərini müəyyən edir.

Dəmir yolu nəqliyyatında intizamın pozulması insanların həyat və sağlamlığına, qatarların hərəkətinin və manevr işlərinin təhlükəsizliyinə, daşınan yüklərin, baqajın, yük-baqajın və etibar olunan əmlakın saxlanmasına təhlükə yaradır, eləcə də müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə gətirib çıxarır.

Nizamnamə dəmir yolu nəqliyyatının mədəni-maarif, həkim-sanitar müəssisələrinin, layihə-konstruktor təşkilatlarının, kitabxana, pansionat və istirahət evlərinin, idman, uşaq və sağlamlıq müəssisələrinin işçiləri istisna olmaqla mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan dəmir yolu nəqliyyatı müəssisə, idarə, birlik, departament və təşkilatlarının dəmir yolu nəqliyyatının hərəkətlə əlaqədar olan bütün işçilərinə, o cümlədən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin aparatının işçilərinə (bundan sonra - işçilər) şamil edilir.

İşçilərin intizamı qüvvədə olan əmək qanunvericiliyi ilə müəyyən edilmiş norma və qaydalara, dəmir yolu nəqliyyatında tətbiq edilən normativ hüquqi aktların tələblərinə riayət etmələrindən, dəmir yolu nəqliyyatı müəssisə, idarə, departament və təşkilat rəhbərlərinin (bundan sonra - rəhbərlər) əmr və göstərişlərini, eləcə də əmək müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri və bu Nizamnamənin tələblərini yerinə yetirmələrindən ibarətdir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək vəzifələrindən başqa, dəmir yolu müəssisələri işçilərinin əlavə vəzifə borclarına aşağıdakılar aid edilir:
- qatarların hərəkətinin və manevr işlərinin təhlükəsizliyini və dəmir yolu nəqliyyatının istismarını təmin etmək;
- yüklərin və sərnişinlərin vaxtında çatdırılmasını təmin etmək, qatarların hərəkət cədvəlinə riayət etmək, hərəkət tərkibinin boş (səmərəsiz) dayanmasını azaltmaq;
- əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğın təhlükəsizliyi və ətraf mühitin qorunması normalarının və qaydalarının tələblərini yerinə yetirmək;
- sərnişinlərə yüksək mədəni xidmət etməklə, onlara qayğı və diqqət göstərmək;
- dəmir yolu nəqliyyatının texniki vasitələrini (lokomotivləri, vaqonları, dəmir yollarını, rabitə vasitələrini və s.), eləcə də avadanlıqları, materialları və dövlət əmlakını qorumaq, daşınan yüklərin, baqajın, yük-baqajın və ona etibar edilən əmlakın saxlanmasını təmin etmək, onların oğurlanması və talan edilməsi hallarının qarşısının alınması üçün tədbirlər görmək;
- ixtisasını artırmaq, müvafiq normativ hüquqi aktlar, o cümlədən dəmir yolu nəqliyyatının texniki istismar qaydalarını, dəmir yolu nəqliyyatında işarəverməni, qatarların hərəkəti və manevr işlərini tənzimləyən normativ sənədlər üzrə biliklərinin yoxlanılmasını nəzərdə tutan texniki təlim və attestasiyadan keçmək;
- əmək məhsuldarlığının yüksəldilməsinə, müəyyən edilmiş istehsalat tapşırıqlarının və əmək məsrəfləri normativlərinin yerinə yetirilməsinə, daşımanın və digər işlərin maya dəyərinin aşağı salınmasına, yeni texnologiyanın, qabaqcıl iş üsul və metodlarının hərtərəfli tətbiqinə səy göstərmək;
- bilavasitə rəhbərinin və ya tabelik qaydasında yüksək vəzifəli şəxsin vəzifə səlahiyyətləri çərçivəsində verdikləri əmrləri, sərəncamları və göstərişləri vaxtında və tam həcmdə yerinə yetirmək;
- müəyyən edilmiş geyim formasında olmaq;
- dövlət və kommersiya sirlərini ciddi surətdə qorumaq.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək vəzifələrindən başqa, rəhbər vəzifəli şəxslərin əlavə vəzifə borclarına aşağıdakılar aid edilir:
- tabeliyində olan işçilərin işini düzgün təşkil etmək, əmr və göstərişləri aydın vermək, onların vaxtında və dəqiq yerinə yetirilməsini yoxlamaq, qatarların hərəkətinin və manevr işlərinin təhlükəsizliyinin təşkili məsələlərinə xüsusi diqqət yetirməklə əməyin və idarəetmənin elmi təşkilinin tətbiqini təmin etmək;
- maddi ehtiyatlardan istifadə zamanı qənaətcillik və səmərəlilik rejiminə riayət etmək, daşınan yüklərin, baqajın, yük-baqajın, etibar edilən əmlakın saxlanmasını təmin etmək və onların itkisinə, xarab olmasına, oğurlanmasına, talan edilməsinə gətirib çıxaran səbəb və şəraiti aşkar edərək aradan qaldırmaq;
- əmək və icra intizamının səviyyəsinin yüksəldilməsinə diqqət yetirmək, iş vaxtı itkisinin və kadr axınının qarşısını almağa nail olmaq, iş zamanı fərqlənən işçiləri mükafatlandırmaq, əmək intizamını və bu Nizamnamə ilə müəyyən edilmiş intizam qaydalarını pozanları intizam məsuliyyətinə cəlb etmək, insanlara, onların ehtiyaclarına, sorğularına diqqətli münasibət göstərmək;
- vəzifə borcunu yerinə yetirmək və xidmətdə yüksək səviyyəli davranış nümayiş etdirmək.
- Rəhbər işçi bu Nizamnaməyə uyğun olaraq, tabeliyində olan işçilər arasında intizamın vəziyyətinə və onların üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.
- Qatarların hərəkəti və manevr işləri ilə sərnişinlərə, yükgöndərənlərə və yükalanlara xidmətlə əlaqədar rəhbər heyət və işçilər vəzifə borclarını yerinə yetirərkən, onlar üçün xüsusi istehsalat geyimi müəyyən edilmədiyi hallarda müvafiq geyim formasında olmalıdırlar.
- İşçilər iş üzrə bütün göstərişləri bilavasitə öz rəhbərlərindən alırlar. İşçi birbaşa rəhbərindən yuxarı vəzifəli rəhbər işçilərdən tapşırıq aldığı halda, bu barədə özünün bilavasitə rəhbərinə məlumat verməklə, onu yerinə yetirməyə borcludur.
- Dəmir yolu stansiyasının rəisi tabeliyindən asılı olmayaraq, stansiyanın ərazisində işləyən digər xidmətlərin işçilərinə stansiyanın normal işini təmin etməklə bağlı olan göstərişlər vermək hüququna malikdir.
- Bu Nizamnamənin müddəaları şamil edilən dəmir yolu müəssisələrinin işçiləri Nizamnaməni bilməli və onun tələblərini şərtsiz yerinə yetirməlidirlər.
İşçilər əmək vəzifələrini nümunəvi yerinə yetirməyə, əmək məhsuldarlığını artırmağa, işin keyfiyyətini yaxşılaşdırmağa, əməkdə qabaqcıllıq, təşəbbüskarlıq və çeviklik göstərməyə, daşınan yüklərin və baqajın, yük-baqajın saxlanmasının təmin edilməsinə, ona etibar edilən əmlakla diqqətlə davranmağa, o cümlədən uzunmüddətli və əzmkar işə görə mükafatlandırılırlar. İşçilərə aşağıdakı mükafatlandırma növləri tətbiq edilir:
- təşəkkür elan edilməsi;
- pul mükafatının verilməsi;
- qiymətli hədiyyənin verilməsi;
- fəxri fərmanın verilməsi;
- işindəki nailiyyətlərə görə "Əla yol işçisi-ilin ən yaxşı mütəxəssisi" adının verilməsi;
-. kollektiv müqavilədə nəzərdə tutulmuş mükafatlandırma;
- “Fəxri dəmiryolçu” döş nişanı ilə təltif edilmə.
- Eyni vaxtda işçi bir neçə mükafat növü ilə də mükafatlandırıla bilər.
- Əməkdə yüksək nailiyyətlərə, qəhrəmanlıq və şücaət göstərməyə görə işçilərin respublikanın müvafiq dövlət mükafatları ilə təltif olunmaları üçün müəyyən edilmiş qaydada vəsatət qaldırıla bilər.
- İşçilərin mükafatlandırılması aşağıdakı qaydada həyata keçirilir:
- hər bir rəhbər işçinin şifahi qaydada təşəkkür elan etməsi;
- işçini işə qəbuletmə hüququ olan rəhbər tərəfindən əmrlə təşəkkürün elan edilməsi, pul mükafatının, qiymətli hədiyyənin və fəxri fərmanın verilməsi;
- müəyyən edilmiş qaydada peşəsinin ən yaxşı işçisi adına və ya işindəki nailiyyətlərə görə digər adın verilməsi;
- “Azərbaycan Dəmir Yolları” QSC sədrinin əmri ilə “Fəxri dəmiryolçu” döş nişanı ilə təltif edilməsi.
- Yüksək vəzifəli rəhbər işçi vəzifəsi ondan aşağı olan rəhbər işçini mükafatlandırma hüququndan tam həcmdə istifadə edə bilər.
- Əgər işçinin müvafiq növlə mükafatlandırılması məqsədə uyğundursa və bu rəhbər işçinin səlahiyyətində deyildirsə, bu barədə yüksək vəzifəli şəxs qarşısında vəsatət qaldırır.
- Mükafatlandırmanın şifahi təşəkkür elan etmə növündən başqa, digər növləri əmrlə rəsmiləşdirilir.
İşçinin intizamı pozmaqda təqsirli olması intizam pozuntusu hesab edilir. Dəmir yolu nəqliyyatının xidməti otaqlarında, qatarlarda və müəssisələrinin ərazilərində müəyyən edilmiş etik davranış qaydalarının, əmək və icra intizamının pozulması, hətta bu hal əmək vəzifələrinin icrası zamanı baş vermədikdə belə intizam pozuntusu hesab olunur. Bu zaman mövcud əmək qanunvericiliyi və bu Nizamnamə ilə müəyyən edilmiş intizam tənbehləri tətbiq edilə bilər. Hər bir intizam pozuntusuna görə yalnız bir intizam tənbehi verilə bilər. İşçiyə törətdiyi intizam pozuntusuna görə Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulmuş intizam tənbehlərindən başqa aşağıdakı intizam tənbehləri də tətbiq oluna bilər:
- maşinisti - lokomotivi (motor-vaqonlu hərəkət tərkibini) idarəetmə hüququ verən şəhadətnamədən, sürücünü - qoyulub-götürülməyən tipdən olan motor-rels nəqliyyatını idarəetmə hüququ verən şəhadətnamədən, lokomotivin (motor-vaqonlu hərəkət tərkibinin) maşinist köməkçisini - maşinist köməkçisi şəhadətnaməsindən üç aya qədər məhrumetmə və ya həmin müddətdə bu Nizamnamənin 4.5-ci və 4.6-cı bəndlərində göstərilənlərə əsasən bir ilədək başqa işə keçirmə;
- başqa işə keçirilməklə tutduğu vəzifədən azadetmə;
- işdən azadetmə.
- İntizam tənbehi kimi işçinin tibbi rəyə əsasən sağlamlığına mənfi təsir edə bilən işə keçirilməsinə yol verilmir.
- Ağır qəza və ya qəza təhlükəsi yaratdığı hallara görə maşinisti ona lokomotivi (motor-vaqonlu hərəkət tərkibini) idarəetmə hüququ verən şəhadətnamədən, sürücünü ona qoyulub-götürülməyən tipdən olan motor-rels nəqliyyatını idarəetmə hüququ verən şəhadətnamədən, lokomotivin (motor-vaqonlu hərəkət tərkibinin) maşinist köməkçisini isə maşinist köməkçisi şəhadətnaməsindən üç ay müddətinədək məhrumetmə kimi intizam tənbehi tətbiq edilə bilər.
- Maşinist, çıxarılmayan tipdən olan motor-rels nəqliyyatının sürücüsü və maşinist köməkçisi ağır qəza və ya qəzaya səbəb ola biləcək hallara yol verdikdə, alkoqollu içki, narkotik və toksiki maddə qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, dərhal işdən kənarlaşdırılır və bir ilədək həmin nəqliyyat vasitələrini idarəetmə hüququ verən şəhadətnamədən mərhum edilir. Bu zaman maşinist şəhadətnamədən mərhum edilməklə yanaşı, maşinist köməkçisi, çilingər və qazançı qismində başqa işə keçirilir, sürücü və maşinist köməkçisi isə şəhadətnamədən məhrum edilmə müddətində nəqliyyatın istismarı ilə əlaqədar olmayan başqa işə keçirilir.
Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulmuş hallardan başqa, dəmir yolunun və dövlət sənaye dəmir yolu müəssisələrinin istismarı və ya qatarların hərəkətinə, manevr işlərinin təhlükəsizliyinə, insanların həyatına, sağlamlığına qorxu yaranması, sərnişinlərin daşınması və onlara xidmət göstərilməsi, daşınan yüklərin, baqajın, yük-baqajın və ona etibar edilən əmlakın saxlanması üzrə müəyyən olunmuş qaydaların pozulmasına görə işçiyə peşəsi (ixtisası) nəzərə alınaraq, tutduğu vəzifəsindən azad olunmaqla, başqa işə keçirilmə kimi intizam tənbehi verilə bilər.
- İşdən azadetmə kimi intizam tənbehi, Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulmuş hallar da daxil olmaqla, qatarların hərəkətinin və manevr işlərinin təhlükəsizliyinə, insanların həyatına və sağlamlığına təhlükə yaradan və ya yüklərin, baqajın, yük-baqajın və etibar olunan əmlakın saxlanması qaydalarının pozulmasına gətirib çıxaran kobud intizam nöqsanlarına görə də verilə bilər.
- Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallardan başqa digər kobud intizam pozuntularının siyahısı və işçilərin kateqoriyası Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilir.
- İşçinin işdən azad edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada yerinə yetirilir.
- İşə qəbul etmək hüququ olan rəhbər intizam pozuntusuna yol verən işçini intizam tənbehinə cəlb edə bilər.
- İşəgötürən hesab edilməyən hər bir yüksəkvəzifəli rəhbər tabeliyində olan müəssisənin, idarənin, birliyin, departamentin və təşkilatın rəhbərinə intizam tənbehi (işdən azadetmə halı istisna olmaqla) verə bilər.
- Dəmir yolu stansiyasının rəisi stansiya ərazisində işləyən dəmir yolu nəqliyyatı müəssisəsinin, idarəsinin, birliyinin, departamentinin və təşkilatının işçilərinə (onların tabeliyindən asılı olmayaraq) stansiyanın normal işinin təmin olunması ilə əlaqədar müvafiq göstərişlər verir və işçilər tərəfindən stansiya rəisinin verdiyi göstəriş və sərəncamlar yerinə yetirilmədikdə, onların intizam tənbehinə cəlb olunmaları üçün bu barədə həmin işçinin müvafiq rəhbərini yazılı surətdə məlumatlandırır.
- İntizam pozuntusuna yol vermiş hər bir işçiyə müvafiq intizam tənbehi tətbiq edilməlidir. Rəhbər işçinin müvafiq təsiri olmadan heç bir intizam pozuntusu tənbehsiz qalmamalıdır.
- İntizam tənbehi vermə hüququndan istifadə etməyən və ya bu yöndə həddini aşan rəhbər işçi buna görə müəyyən olunmuş qaydada intizam məsuliyyəti daşıyır.
-. Qatarların hərəkətinin və manevr işlərinin təhlükəsizliyinə, insanların həyatına və sağlamlığına təhlükə yaradan işçi dərhal nəzarətçi inspektor funksiyasını həyata keçirən vəzifəli şəxs tərəfindən işdən (növbədən) kənarlaşdırılır və təcili surətdə bu barədə müvafiq vəzifəli şəxslərə məlumat verilir. Məlumatda işdən kənarlaşdırılmanın səbəbləri və mövcud vəziyyət ətraflı şərh edilməlidir.
- Kifayət qədər əsas olmadan işdən kənarlaşdırmaya görə təqsirkar vəzifəli şəxs müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
- Müvafiq rəhbər işçilər olmadıqda, intizam tənbehini onların vəzifəsini icra edən vəzifəli şəxslər verə bilərlər.
- Rəhbər işçi intizam tənbehini tətbiq edənədək, yol verilən hərəkətin səbəblərini və motivini hərtərəfli və obyektiv qaydada araşdırmalı, onu törədən şəxsdən qabaqcadan yazılı izahat tələb etməlidir.
- İzahat verməkdən imtina etmək təqsirkar işçini intizam tənbehindən azad etmir.
-. İntizam tənbehi törədilən pozuntunun ağırlığına, onun törədilmə vəziyyətinə, işçinin təqsirinin dərəcəsinə uyğun olaraq verilməlidir.
- Rəhbər işçi intizam tənbehinin növünü müəyyən edərkən, həmin hərəkətin xarakterini, onun vurduğu zərəri, hadisənin baş verdiyi şəraiti, eləcə də pozuntunu törədən işçinin keçdiyi əmək fəaliyyətini nəzərə almalıdır.
- Rəhbər inzibati tənbeh verərkən, xidməti etikaya riayət etməli və tabeliyindəki işçinin ləyaqətinin alçaldılmasına yol verməməlidir.
- İnzibati tənbehin verilməsi pozuntunu törədən işçini mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər məsuliyyətlərdən azad etmir.
- Qanunvericilikdə və kollektiv müqavilədə nəzərdə tutulmuş mükafatların verilməsinin ləğv edilməsi ilə yanaşı, müəyyən edilmiş qaydada işçiyə intizam tənbehi də verilə bilər.
- İntizam tənbehi işçinin sərnişin və ya yük qatarında yol getməsindən, eləcə də cəmlənərək verilmiş istirahət günlərindən istifadə etmə vaxtından asılı olmayaraq, pozuntunun aşkar edildiyi gündən bir aydan gec olmayaraq verilə bilər. İşçinin xəstə olduğu və yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
- Araşdırma materialları təhqiqat və ibtidai istintaq orqanlarına, eləcə də baxılmaq üçün əmək kollektivinə verildikdə, intizam tənbehi cinayət işinin başlanmasından imtina edildiyi və dayandırıldığı gündən və ya əmək kollektivi müvafiq rəhbər qarşısında intizam tənbehinin verilməsi məsələsini qaldırmaq barədə qərar çıxardığı gündən bir aydan gec olmayaraq verilir.
- İntizam tənbehi bütün hallarda pozuntunun baş verdiyi gündən altı aydan, maliyyə-təsərrüfat fəaliyyətinin təftişinin nəticələrinə görə isə pozuntunun baş verdiyi gündən bir ildən gec olmayaraq verilə bilər. Cinayət qaydasında iş üzrə icraat həmin müddətə daxil edilmir.
- Yüksək vəzifəli rəhbər işçi öz səlahiyyətinə əsasən aşağı vəzifədə olan rəhbər işçinin verdiyi intizam tənbehlərini ləğv etmək və ya dəyişdirmək hüququna malikdir və o, belə bir qərar üçün kifayət qədər əsaslara malik olmalıdır.
-. Əgər təqsirkar işçinin müraciətinə əsasən intizam tənbehi müzakirə olunmuşdursa, intizam tənbehinin ağırlaşdırılmasına yol verilmir.
- İşçi ona intizam tənbehinin (kobud intizam pozuntularına görə verilmiş intizam tənbehləri istisna olmaqla) verilməsi barədə əmrlə tanış olduğu gündən bir ay müddətində bu barədə müəyyən olunmuş qaydada şikayət edə bilər.
- Şikayət işçiyə intizam tənbehinin verilməsinin icrasını dayandırmır.
- Əgər işçi intizam tənbehi aldığı gündən bir il ərzində yeni intizam tənbehinə məruz qalmamışdırsa, o, intizam tənbehinə məruz qalmış hesab olunmur. Lakin bu, tutduğu vəzifədən azad edilən və ya bu Nizamnamənin 4.3.2-ci və 4.3.3-cü yarımbəndlərində nəzərdə tutulmuş intizam tənbehləri tətbiq edilmiş işçinin əvvəlki vəzifəsinə bərpa olunması demək deyildir.
- Əgər işçi yeni əmək intizamının pozulmasına yol verməmişdirsə və əməyə vicdanlı münasibət nümayiş etdirmişdirsə, ona verilən intizam tənbehi bir il tamamlanmamış götürülə bilər.
- İşçi qatarların hərəkəti və manevr işləri ilə əlaqədar işə bərpa edilməzdən əvvəl müəyyən sınaqdan keçirilməlidir. Lakin işçi bir neçə dəfə bu sınaqlardan keçə bilmədikdə, öz razılığı ilə ixtisası nəzərə alınmaqla başqa işə keçirilir. İşçi başqa işə keçməkdən imtina etdiyi halda, mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada işdən azad edilə bilər. Qatarların hərəkəti və manevr işləri ilə əlaqədar işdəki fasilə üç aydan çox olmadıqda sınaq keçirilmir.
- İşçilərə intizam tənbehinin verilməsi məsələləri üzrə əmək mübahisələrinə əmək mübahisələri üzrə komissiyalar, müəssisələrin, idarələrin, birliklərin, departamentlərin, təşkilatların həmkarlar ittifaqı təşkilatları və (və ya) məhkəmələr tərəfindən baxılır.
- İşçi bu Nizamnamənin 4.3.3-cü yarımbəndində nəzərdə tutulmuş qaydada ona verilən intizam tənbehi ilə razılaşmadığı halda məhkəməyə müraciət edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1176

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21