Zaqatalada qasırğa olub
13 iyun 2011 10:45 (UTC +04:00)

Zaqatalada qasırğa olub

APA-nın yerli bürosunun verdiyi məlumata görə, iyunun 11-i axşam saatlarından başlayaraq, respublikanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb. Qeyri-sabit hava şəraiti özünü daha çox Zaqatala rayonunda göstərib. İyunun 11-i axşam saatlarında Zaqatala rayonunda leysan yağışları ilə müşayiət olunan güclü qasırğa baş verib. Bir saata yaxın davam edən qasırğa fərdi və ictimai yaşayış binalarının, sosial və dövlət obyektlərin dam örtüyünü uçurub. Rayonun elektrik enerjisi iflic vəziyyətə düşüb. Qasırğa Yevlax - Zaqatala - Gürcüstan magistralının Zaqatala rayonu ərazisində də bir sıra fəsadlar yaratdığından nəqliyyatın hərəkəti bir müddət dayanıb.



Zaqatala Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, ilkin hesablamalara görə qasırğa nəticəsində ümumilikdə rayon ərazisində 26 çoxmərtəbəli binanın dam örtüyü yararsız vəziyyətə düşüb. Humanitar fənlər gimnaziyası, 5 saylı orta məktəb daxil olmaqla, Zaqatalanın 10 təhsil müəssisəsi də qasırğadan ciddi zərər çəkib. Qasırğa nəticəsində rayon ərazisində 200-dən artıq irigövdəli ağac aşıb. Zaqatala rayon mədəniyyət və istirahət parkında isə daha acınacaqlı vəziyyət yaranıb.


Güclü leysanla müşayiət olunan qasırğa rayonun elektrik enerjisi və rabitə təsərrüfatlarına da ciddi ziyan vurub . Belə ki, rayon ərazisində 100-ə yaxın elektrik dirəyi aşıb, elektrik naqilləri qırılıb, rabitə xətləri sıradan çıxıb.
Qasırğa səngidikdən sonra Zaqatala rayon Fövqəladə Hallar Komissiyasının əməkdaşları ilkin olaraq yol infrastrukturunun bərpasını həyata keçirib. Hazırda rayonun müvafiq idarə və təşkilatları qasırğanın fəsadlarının aradan qaldırılması istiqamətində iş aparır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1239

Oxşar yazılar