Əfsanəvi Söylemez qardaşlarının Bakıda həbsinin detalları açıqlandı
14 may 2011 19:11 (UTC +04:00)

Əfsanəvi Söylemez qardaşlarının Bakıda həbsinin detalları açıqlandı

Türkiyədə kriminal aləmin əfsanələrindən sayılan cinayətkar qruplaşma liderləri Sena və Faysal Söylemez qardaşlarının 2010-cu ilin mayında Bakıda necə yaxalanmalarının detalları məlum olub. Lent.az-ın “Akşam” qəzetinə istinadən verdiyi məlumata görə, Söylemez qardaşlarını yaxalamaq üçün Türkiyə polisi ilk dəfə ölkə sərhədlərindən kənarda telefon danışıqlarını dinləməyə başlayıb.

Öncə Faysal Söylemezin Türkiyədəki evinin telefonu dinlənilməyə başlanılıb. 2010-cu ilin martında Şimali İraqda bir mobil telefon şirkətinə aid nömrədən bu evə zəng açılıb. Faysal Söylemez imam nikahı ilə evləndiyi arvadı ilə özünü tanıtmadan bir tanış kimi danışıb. Ancaq əvvəllər də Faysal Söylemezin səsini dinləmiş əməliyyat polisi bu səsin ona aid olduğunu müəyyənləşdirib. Səs analizi də polis əməkdaşının şübhəsini təsdiqləyib. Ancaq Türkiyə polisi Şimali İraqda Söylemez qardaşlarını yaxalaya bilməyib. Texniki vasitələrlə izlənmələrinə baxmayaraq, Söyləməz qardaşları qəfil qeyb olublar.

Türkiyə polisi bir müddət sonra Söylemez qardaşlarına xüsusi yaxınlığı ilə seçilən A.S.-nin izinə düşüb. A.S.-nin Söylemez qardaşlarının vəkilləri ilə şifrəli danışıqlarını dinləyən polis bu qardaşların qaça biləcəyi məkanları nəzarətə götürüb. Lakin 2 aylıq çalışma da nəticə verməyib və Söylemez qardaşları polisin diqqətini səhv istiqamətə yayındıraraq Bakıya gəliblər.

Bundan sonra Türkiyə polisi Azərbaycan Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Daxili İşlər Nazirliyi Azərbaycanda Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində çalışan, Türkiyə Polis Akademiyasının məzunu olmuş bir polis zabitini bu iş üçün ayırıb. Qısa müddətdə Azərbaycanda gizlənən Söylemez qardaşlarının izi tapılıb. Ancaq gizləndikləri evi dəqiq müəyyənləşdirmək mümkün olmayıb.

Azərbaycan polisi Sena Söylemezin bir qonağının Bakıya gələcəyi barədə İstanbul polisini məlumatlandırıb. İstanbul polisi hərəkətə keçib və Bakıya gələn şəxsin Sena Söylemezin sevgilisi Ayla E. Olduğunu müəyyənləşdirib. Azərbaycan polisi Heydər Əliyev adına Beynəlxalq Hava Limanını nəzarətə götürüb. Ayla E. təyyarədən enib və Senanın adamları ilə görüşüb. Əvvəlcə taksiyə minən Ayla E. qısa müddət sonra avtomobildən enib, xüsusi avtomobilə əyləşib. Sena Söylemezin qaldığı evə gedən Ayla E. bilmədən polisə ünvanı vermiş olub.

Bakıdan kənarda bir villada gizlənən Söylemez qardaşlarını yaxalamaq üçün polis dərhal əməliyyata başlayıb. İstanbuldan Azərbaycana gələn 5 nəfərlik əməliyyat qrupu Azərbaycan polisi ilə birlikdə 2010-cu ilin mayında hərəkətə keçib. Villada keçirilən əməliyyat zaman Sena Söylemez, Faysal Söylemez, o cümlədən onların adamları olan Deniz Taşdemir yaxalanaraq Türkiyəyə aparılıblar.

Qeyd edək ki, Söylemez qardaşları Türkiyədə çoxlu sayda qalmaqallı qətllər törədib, iş adamlarından xərac alıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 548

Oxşar yazılar