Ali Məhkəmə hakimi təzminat ödəməyə məhkum etdi
17 noyabr 2009 14:00 (UTC +04:00)

Ali Məhkəmə hakimi təzminat ödəməyə məhkum etdi

Azərbaycanın Ali Məhkəməsi Gədəbəy rayon Məhkəməsinin hakiminin təzminat ödəməsi barədə qərar çıxarıb.


Bu barədə APA-ya hakimi məhkəməyə verən Gədəbəy rayon sakini Nazilə Rzayeva məlumat verib. İddiaçının sözlərinə görə, Gədəbəy rayon Məhkəməsi keçən il onu xuliqanlıqda ittiham edərək barəsində 15 günlük inzibati cəza seçilməsi haqda qərar çıxarıb. Günahsız olduğunu iddia edən qadın rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılıb və Gədəbəy rayon Məhkəməsinin qərarı ləğv edilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə o, bəraət alaraq azadlğa buraxılıb.



N.Rzayeva cəza müddəti başa çatandan sonra onun haqqında qərar çıxaran hakim Hüseyn Hüseynovu məhkəməyə verib. Hakim tərəfindən hüquqlarının pozulduğunu iddia edən N. Rzayeva ondan 40 min manat təzminat ödəməsini tələb edib. N. Rzayevanın iddiasına Nəsimi rayon Məhkəməsində baxılıb. Məhkəmə N. Rzayevanın iddiasını təmin edib və hakim H. Hüseynovun 500 manat məbləğində təzminat ödəməsi barədə qərar çıxarıb. Bununla razılaşmayan iddiaçı Nəsimi rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Apellyasiya Məhkəməsi isə hakimin cəzasını yüngülləşdirərək təzminatın məbləğini 300 manata endirib.


N. Rzayeva Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib. Bu gün Ali Məhkəmədə N. Rzayevanın kassasiya şikayətinə baxılıb. Ali Məhkəmə hakim H. Hüseynovun iddiaçı tərəfə 500 manat təzminat ödəməsi barədə qərar çıxarıb.


Ali Məhkəmənin qərarından da razı qalmadığını vurğulayan N. Rzayeva Avropa İnsan Haqları Məhkəməsinə şikayət ünvanlayacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 517

Oxşar yazılar